23 Dekabr 2024

İqdır toplantısında alqışlanan təklif: “Növbəti Beynəlxalq Qarabağ Qurultayını Şuşada keçirək”

“90-cı illərdə Azərbaycan erməni təcavüzə məruz qalanda hələ Azərbaycan adlı dövlət yox idi. O zaman Azərbaycan xalqının yalnız özü var idi, hətta sarılmağa silahımız, hərbi geyimimiz belə, yox idi. Qarşı tərəfdə isə dünyaya ağalıq edən bir rus ordusu, sovet imperiyası var idi, onların bütünsilahları ermənilərin xidmətindəydi. Bütün bunlara baxmayaraq, biz o savaşa qatıldıq”.

Birinci Qarabağ müharibəsi qazisi, Qarabağ Əlillərinə Qayğı İctimai Biriyinin sədri Firudin Məmmədov bu fikirləri Beynəlxalq Qarabağ Qurultayındakı çıxışı zamanı söylədi. 90-cı illərin ağır savaşı barədə danışan keçmiş döyüşçü iştirakçılar arasında olan Qarabağ qazisi Hacı Əkbər Rüstəmov haqda danışaraq bildirdi ki, Əkbər bəy vaxtilə işlədiyi məktəbə toplaşarkən heç geyimimiz belə, yox idi: “Ancaq buna baxmayaraq, torpaqlarımızın varlığını saxlaya bildik. Azərbaycan dövləti əslində müharibədən doğdu, xalq öz dövlətini savaşa-savaşa dövlətini qurdu”.

F.Məmmədov Türkiyənin böyük dəstəyindən də bəhs etdi: “Türkiyənin ozamankı dəstəyi də bugünki dəstək deyildi. Şükürlər olsunki, qardaş Türkiyənin başçılığı ilə dost və qardaş ölkələrin dəstəyi ilə torpaqlarımızı azad etdik. Eşq olsun Azərbaycan və Türkiyəyə! Eşq olsun bu torpaqları azad edən oğullara!”

QAT-ın Türkiyə təmsilçisi Cafer Dal çıxışında söylədi ki, 25 ildir QAT sədri Akif Nağı ilə bərabər bu yola çıxıb:

“Bizim hər zaman mövqeyimiz bu olub: Qarabağ ancaq savaşla azad olacaq! Nəticə etibarilə bunu dünyaya anlatmaq üçün mətbuata ehtiyacımız var idi, onu qurmağa, sonra bunu televiziayay çevirməyə başladıq”. C.Dal Qarabağ və türkçülük davasında medianın böyük dəstəyinə zərurət olduğunu bildirdi: “Vision TV QAT-ın yayın mediası olaraq quruldu. Bu gün biz bir kamera ilə TV qurmuşuq. Nədən biz Forumun televiziyasını qurmayaq? Bu, böyük para da tələb etmir. Qarabağın azadlığı gerçəkləşdi, qəhrəman millətinövladı olaraq qürurla bunu deyə bilərik. Çətin olan bundan sonrasını gerçəkləşdirməkdir. Qarabağı əlimizdə tuta bilmək üçün əhatmizi genişləndirməliyik. Sərhəd xətlərimizi genişləndirməliyik. Sərhədimiz haradır? Bu, Turandır”. Sonda C.Dal “heç zaman davasından vaz keçməyən” Akif Nağıya təşəkkür etdi.

Ərzurum Atatürk Universitetinin müəllimi, Araşdırmalar Mərkəzinin rəhbəri Gürsoy Solmaz “təklif edirəm “növbəti Beynəlxalq Qarabağ Qurultayını Şuşada keçirək” dedi və təklifi sürəkli alqışlarla qarşılandı.

Kino və teatr aktyoru Şirzad Pirallahi “Salam olsun” şeiri ilə iştirakçıları coşdurdu.

Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin rəhbəri Mehriban Abdullayeva qarşıda daha böyük hədəflərin durduğunu söylədi: “Prezidentimiz deyir İrəvan Azərbaycan torpağıdır, Türk torpağıdır. İnşallah bayrağımızı İrəvanda da asacağıq!”

Qarabağ müharibəsi qəhrəmanı “Azərbaycan və Türkiyə bizim vətənimizdir, biz heç zaman fərq qoymadıq”, deyərək, qardaş ölkəyə böyük sevgisini ifadə etdi.

Jurnalist Zərnişan Azayeva, Şaiq Süleymanov, Tağı Kazımov, Camal Barış, Emin Hacıyev, Mehmet Engin, Sözer Akyıldırım, Haşim İsgəndərli, İlham Quliyev və digərləri çıxış edərək Qarabağ zəfərindən sonra görülməli olan işlərdən, Türkiyə-Azərbaycan qardaşlığından bəhs etdilər.

Beynəlxalq Qarabağ Qurultayının sonunda Beynəlxalq Qarabağ Forumunun Əsasnaməsinin yeni redaksiyası, məramnaməsi və qurultayın yekun qətnaməsi qəbul olundu. Bununla da Beynəlxalq Qarabağ Qurultayı işini bitirdi.

Elşad Paşasoy,
Musavat.com
Türkiyə, İqdır