23 Dekabr 2024

Ərdoğanın Şuşaya səfəri nə zaman baş tutacaq – açıqlama

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın həftələrdə reallaşması gözlənilən Bakı səfəri gündəmin əsas mövzularından biridir. Səfərin vaxtı hələ açıqlanmayıb. İndiyə qədər bir neçə dəfə belə məlumatlar yayılsa da, sonradan Ərdoğanın gəlişinin vaxtı dəyişdirilib.

Türkiyə prezidentinin mayın sonlarında Bakıya gələcəyi, sonra Şuşaya gedəcəyi deyilir. Bu səfər baş tutarsa, Şuşanın həm də Türkiyənin mühafizəsi altında olması mesajı veriləcək. Bununla da Şuşa türk dünyası üçün müqəddəs və toxunulmaz şəhər statusu qazanar.

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli səfərin baş tutacağından əminliklə söz açdı: “Ərdoğanın Şuşaya səfəri reallaşarsa, bu, Türkiyənin hərbi mənada da özünü orada ifadə etməsi demək olacaq. Ermənistan tərəfi çalışır ki, hadisələri manipulyasiya etsin. Azad etdiyimiz əraziləri Rusiya sülhməramlılarının nəzarəti altında olması kimi təqdim etməyə çalışırlar. Təhlükəsizlik məsələlərini Rusiya-Türkiyə Monitorinq Mərkəzi həyata keçirir. Digər tərəfdən, rus sülhməramlılarının orada yer almalarının icazəsini Azərbaycan Prezidenti şəxsən özü verib. Rusiya tərəfi də əslində məsuliyyəti bizim qarşımızda daşıyır. Ərdoğanın bölgəyə gəlişinin arxasında çox ciddi məqamlar var. Azərbaycanın hazırda qarşısında duran əsas vacib məsələ Böyük Qayıdış planını həyata keçirməkdən ibarətdir. Yenidənqurmada Türkiyənin böyük təcrübəsi var.

Əziz Əlibəyli: “Üç cəbhə açmaqla düşməni məhv etmək olar” - MÜSAHİBƏ

Əziz Əlibəyli: “Tarixi səfərin qarşısını təxribatlarla ala bilməyəcəklər”

Türk şirkətlərinin burada geniş şəkildə iştirakları nəzərdə tutulur. Təsəvvür edin ki, getdikcə Cənubi Qafqaz böyük güclərin toqquşma məkanına çevrilir. Ərdoğanın səfəri öncəsi çox ciddi proseslərin, olayların yaşandığı müşahidə olunur. Ermənilər artıq Şuşa, Kəlbəcər, Gədəbəy istiqamətlərində atəşkəsi pozmağa başlayıblar. Bununla həmin bölgədə separatçıların varlığını Azərbaycan tərəfə qəbul etdirməyə çalışırlar. Amma başa düşməlidirlər ki, Ərdoğanın səfəri reallaşacaq. Bu, heç bir halda problem yarada bilməz. Tarixi səfərin qarşısını təxribatlarla ala bilməyəcəklər. Nəticə etibarilə Şuşa Qarabağın tacıdır. Cənab Ərdoğanın Şuşadan verəcəyi mesajlardan çox narahatdırlar. Səfər proqrama daxil edilib və baş tutacaq”.

Elxan Şahinoğlu: “Erməni dili universitetlərimizdə peşəkar tədris  olunmalıdır”

Elxan Şahinoğlu: “Ərdoğan Şuşadan Ermənistana, Rusiyaya və digər ölkələrə çox ciddi mesajlar göndərəcək”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ərdoğanın Şuşadan çox ciddi mesajlar səsləndirəcəyini proqnozlaşdırır: “Mayın sonuna bir neçə gün qalıb. Əgər bu səfər reallaşarsa, artıq həftəsonu Ərdoğanı Azərbaycanda görəcəyik. Ən yaxşısı bu olardı ki, Azərbaycan üçün müqəddəs tarixdə-mayın 28-də bu səfər reallaşardı. Bu, ikiqat bayrama çevrilərdi. Ərdoğanın gəlişi, birgə bayram etməyimiz, iki qardaş ölkənin prezidentlərinin birlikdə Şuşaya getmələri, birgə atılan təməllər çox sevindirici olardı. Biz burada iki hadisənin şahidi ola bilərik. Birincisi, Ərdoğanın hökumətdə şəriki olan Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı onu müşayiət edə bilər. Çünki məhz Baxçalının özü təklif etmişdi ki, MHP Şuşada məktəb tikməyə hazırdır. Böyük ehtimalla həmin məktəbin təməli Ərdoğanın səfəri zamanı qoyulacaq. Dövlət Baxçalının gəlməsi bu baxımdan məntiqli olardı. İkincisi, Türkiyə və Azərbaycanda ekspertlərin rəylərində geniş müzakirələr aparılır ki, Türkiyənin Şuşada konsulluğu olsun. Bu istiqamətdə də müəyyən təməlatma prosesləri həyata keçirilir. Digər tərəfdən, mən də bir təklif irəli sürmüşdüm. Cəmiyyət tərəfindən də dəstəklənmişdi. Sizin kimi jurnalist dostlarımdan dəstək aldım.

Türkiyənin Qarabağda, xüsusən Şuşada hərbi qarnizonunun olmasının vacibliyini vurğulamışdım. Bu istiqamətdə konkret addımlar atılmasa da, amma Şuşadan Ərdoğanın dilindən belə mesajlar verilə bilər. Zənn edirəm ki, Ərdoğan Şuşadan Ermənistana, Rusiyaya və digər ölkələrə çox ciddi mesajlar göndərəcək. Doğru qeyd etdiniz ki, Şuşanın statusu çox böyüyüb. Şuşa Azərbaycan şəhərindən, Azərbaycanın mədəniyyət mərkəzindən çıxıb, daha geniş anlam kəsb edir. Türkiyənin, türk dünyasının müqəddəs şəhərinə çevrilib. Biz Şuşanı azad etmişik, bunun üçün şəhidlər vermişik. Amma onu da unutmayaq ki, Şuşa son yüz ildə xain basqınlara, işğala, yandırılmaya məruz qalıb. Biz də bu tarixi təkrarlaya bilmərik. Digər əraziləri qoruduğumuz kimi, Şuşanı da göz bəbəyi kimi qorumalıyıq. Bunun üçün də Türkiyə ilə hərbi əlaqələri daha da genişləndirib, Şuşada, yaxud Qarabağın başqa bir yerində hərbi qarnizonun yerləşdirilməsinə nail olmalıyıq ki, Şuşanın, o cümlədən Qarabağın daimi təhlükəsizliyini təmin edək. Açığı deyim ki, səfər tarixinin o qədər də gecikməsindən narahat deyiləm. Əsası odur ki, bu səfər reallaşacaq. Beş gün gec də, tez də ola bilər. Səfər zamanı çox ciddi açıqlamalar veriləcək. Əgər səfər mayın 28-nə təsadüf etsə, Azərbaycan üçün ikiqat bayrama çevriləcək”.  

Cavanşir ABBASLI,
“Yeni Müsavat”