24 Dekabr 2024

Qırğızıstanla Tacikistan sərhədində atışma yenidən başlayıb

Hər iki tərəfdən 130-dan çox insan yaralanıb, 13 nəfər öldürülüb

Qırğızıstan – Tacikistan sərhədində atışma yenidən başlayıb. Media1.az xəbər verir ki, bu barədə “24.kg” agentliyi Qırğızıstanın Batken vilayətinin Daxili İşlər Müdirliyinə istinadən məlumat yayıb.

Bildirilir ki, bir saatdan artıqdır ki, Leylək bölgəsində atışma davam edir. Yaralılar arasında polis əməkdaşları da var.

Agentlik onu da yazır ki, sosial media Qırğızıstandakı kəndlərin Tacikistan vətəndaşları tərəfindən ələ keçirilməsinə dair məlumatlar yayır. Daxili İşlər İdarəsi bu məlumatı təsdiqləməsə də, təkzib etməyib.

Qeyd edək ki, ölkələr arasındakı sərhəddə gərginlik 29 apreldə başlayıb. Qırğızıstan və Tacikistan sərhədində hər iki tərəfin hərbçiləri arasında atışma olub. Rəsmi Düşənbə qarşıdurmanın əvvəllər əldə edilmiş razılaşmaları pozaraq Qırğızıstan tərəfinin su paylama məntəqəsini qanunsuz olaraq ələ keçirmək cəhdləri səbəbindən alovlandığını iddia edir.

Rəsmi Bişkek isə bildirir ki, əvvəlcə Tacikistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri minaatanlardan və pulemyotlardan onlara atəş açıb. Son məlumatlara görə, hər iki tərəfdən 130-dan çox insan yaralanıb, 13 nəfər öldürülüb.

Xatırladaq ki, bu gün Qırğızıstan Prezidenti Sədir Caparov atəşkəsin bərpa edildiyini açıqlamışdı. Bundan əlavə, iki ölkə arasında gərginliyin aradan qaldırılması üçün işçi qrup fəaliyyətə başlayıb.