19 Mart 2024

76 yaşlı anasının ərə getməsini istəyən kulturoloq fikrinə aydınlıq gətirdi

“Bu birbaşa mənə aid olan fikirdir. Mənim üçün anamın xoşbəxtliyi mənasız adamların tənqidindən qat-qat üstündür”.

Bunu kulturoloq Aydınxan Əbilov deyib. O, hesab edir ki, bəziləri ailə deyəndə intim münasibət başa düşür:

“Fikirləşirəm ki, yaşlı adamlar nə qədər bir-biri ilə qulaq yoldaşı olsalar, yaxşı olar. Ailə deyəndə çox peyinbaşlar ancaq intim münasibətləri düşünürlər, ailədə uşad dünyaya gətirməyi fikirləşirlər. Amma ailə tamam başqa şeydir. Biz yaşlı adamların bir evdə birləşməsini, ömür-gün yoldaşı, dostu olmasını təklif edirik. Yoxsa indi kəndlərimizdə qoca ata-analarımızı atıb hər kəs şəhərə axışıb. Bundan əlavə onlar əzizlərini atıb xarici ölkələrə gedirlər, heç birinin də öz ana-atalarından xəbərləri yoxdur. Onların sağlamlığı, necə dolanması, nə yeyib-içməsi heç kəsin marağında deyil. Azərbaycanda da sosial xidmətlər, sosial qulluqçular yoxdur ki, ata-ana tək halda yaşaya bilər. Fikirimi bu istiqamətə yönəltmişəm”.

Aydınxan Əbilov deyir ki, cəmiyyət belə ictimai diskusiyalara öyrəncəli olmalıdır:”Belə müzakirələr tez-tez olmalıdır. Bu müzakirələrdən həqiqət ortaya çıxacaq. Düşünürəm ki, Azərbaycan cəmiyyəti belə innovatik sosial təkliflərə açıq olmalıdır”.

Qeyd edək ki, kulturoloq Aydınxan Əbilov Space TV-də yayımlanan “Gəl, danış Amil Xəlil ilə” verilişinə qonaq olub. Verilişdə kulturoloq 76 yaşlı anasının ailə quracağı təqdirdə ona icazə verəcəyini deyib:

“Anamın 76 yaşı var. Atam 10 ildir rəhmətə gedib. Böyük məmnuniyyətlə istəyərdim ki, anam yenidən ailə qursun. Niyə ailə qurmamalıdır ki? Mən sevinərəm. Bir insanın xoşbəxtliyi bu dünyanın cənnəti deməkdir”.//Qaynarinfo