27 İyul 2024

30 illik xalqımızın ermənilər tərəfindən münaqişəyə cəlb olunması uşaqların da həyatından yan keçmədi

Uşaqlar gələcəyimizdir : Bu sözlər heç də təsadüfi deyilmir. Həqiqətən də hər bir ailədə doğulan körpə həmin nəslin davamı deməkdir. Bir evdə uşaq dünyaya gəldisə ondan sonra həyatın yeni gözəl anları başlayır. Həyatın mənasına yeni çalarlar əlavə olunur. Uşaqlar böyüdükcə fərəhli anlar yaşanır, sevincə- cevinc qarışır. Beləliklə, nəsldən nəslə keçid baş verir. Həyatın özqanunauyğunluqları var ki, heç hiss olunmadan bir nəsil, o biri nəsili səssizcə yola sala bilir. Beləcə , hər bir ailə də yetişən uşaq həm də cəmiyyətin tərkib hissəsinə çevrilmiş olur.

Təəssüflər olsun ki, müasir dünyamızda müxtəlif xarakterli münaqişələrdə uşaqların əziyyət çəkməsi, faciə qurbanlarına çevrilməsi taleyimizin acı reallığıdır. Ailədaxili münaqişələr zamanı valideyinlərin qarşılıqlı münasibəti pozulduğu hallarda uşaqlar birinci növbədə qurbana çevrilmiş olurlar. Bunun üçün də ailə münaqişələrinə yol verilməməsi , hər an uşaqların iztirab, göz yaşları, onların gələcək həyatını düşünmək lazım gəlir.

30 illik xalqımızın ermənilər tərəfindən münaqişəyə cəlb olunması uşaqların da həyatından yan keçmədi. Hətta xeyli sayda azərbaycanlı uşaq erməni vandallığının, erməni soyqırımının qurbanına çevrilmiş oldu.Xocalı soyqırımında 613 nəfər şəhid olmuşdur ki, onun da 63 nəfəri uşaq olmuşdur. İşğala məruz qalan digər rayon və şəhərlərimizdə də erməni vandallar aərbaycanlı uşaqlara qarşı vəhşilik göstərmiş, amansız olmuşlar. Azərbaycanlı uşaqlar əsir götürülmüş,onlarla qeyri-insani davranılmış, işgəncələr verilmiş, hətta bir sıra hallarda uşaqlar üzərində tibbi sınaq işləri aparılmışdır. Bununla da Ermənistanın olduqca mənfur ,vəhşilikləri nümayiş olunmuşdur. Ermənilər Azərbaycanla bağlanmış atəşkəs sazişini də ciddi olaraq pozmuş , yenə də azərbaycanlı uşaqlar snayper, artilleriya silahlarından hədəfə alınmışdır. 8 mart günü Ağdam rayonunda Fariz Bədəlovun düşmən mövqeyindən snayperlə hədəfə götürülərək şəhid edilməsi xüsusi amansızlığın nümunəsi kimi yadda qalıb. Eynilə Füzuli rayonunda balaca Zəhranın artilleriya atəşinin hədəfinə almaqla qanına qəltan edilməklə öldürülməsi ermənilərin müharibə cinayətinin davam etdirilməsini göstərirdi. Sonralar torpaqlarımızın azadlığı uğrunda aparılan 44 günlük müharibə günlərində də Ermənistan Respublikası ənənəvi vəhşiliklərini bir daha təkrarlamış oldular. Döyüş meydanında Azərbaycan ordusunun həmlələrinə davam gətirə bilməyən, döyüşə-düyüşlə cavab verə bilməyən erməni düşmənlərimiz bu dəfə də alçaqcasına mülki əhalimizi hədəf seçmiş oldu.  Gəncə və Bərdə rayonunun ermənilərin raket hücumuna məruz qalması nəticəsində uşaqlar yenə də şəhid oldular. 27 oktyabr 2021-ci il tarixində ermənilərin atdığı raketin Bərdə rayonunun Qarayusifli kəndinə düşməsi balaca Ayselin ölümünə səbəb oldu. Münaqişədən zərər görən Azərbaycan uşaqların müharibə qurbanına çevrilməsinin ağır dərd olduğunu yaxşı anlayır. Bu illər ərzində çünki, bu faciəni məhz yaşamış oldu. Belə mənzərələr bu gün Ukrayna, daha sonra Fələstin- İsrail arasında münaqişənin genişlənməsi fonunda müşahidə olunmaqdadır. Deməli, münaqişə uşaqların daha çox qurbana çevrilməsi deməkdir. Arzulayaq ki, müharibələr tezliklə sona çatmış olsun!   

Cəmiyyətin həssas təbəqəsi olan uşaqların müdafiəsi ölkəmizdə daim diqqət mərkəzindədir: Uşaqların inkişafı və hüquqlarının qorunmasında, vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunmasında, layiqli vətəndaş kimi formalaşmasında dövlətlə yanaşı, cəmiyyətin hər bir üzvü məsuliyyət daşıyır. Bunun üçün də gələcəyimiz olan uşaqları fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətimiz üçün faydalı şəxsiyyət kimi yetişdirmək naminə səylərimizin birləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Uşaq hüquqlarının beynəlxalq müdafiəsi istiqamətində mühüm aspektləri özündə birləşdirən, 1989-cu il noyabrın 20-də BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya iştirakçı dövlətlərin hər bir uşaq üçün təmin etməli olduğu universal standartları müəyyən edir: “Konvensiya dünyada ən geniş şəkildə ratifikasiya olunan beynəlxalq müqavilə olmaqla uşaqların hüquqlarını qorumaq üçün qəbul edilən əsas sənəd kimi bir çox dövlətlərin bu sahədə milli qanunvericilik bazasının formalaşmasına təkan vermişdir. Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə isə həmin Konvensiyanın iki əlavə protokoluna qoşulmuş, 1998-ci il 19 may tarixində ölkəmizdə sözügedən Konvensiyanın əsas prinsiplərini özündə əks etdirən “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və ölkədə uşaq hüquqlarının təmini məqsədilə müxtəlif istiqamətlərdə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməkdədir.

“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən yeni tarixi bir dövr başlanıb. Uzun illərdir işğaldan əziyyət çəkən və nəticə olaraq fundamental hüquqları pozulmuş keçmiş məcburi köçkünlərimiz fəxarətlə öz doğma torpaqlarına, əsrlər boyu xalqımızın yaşadığı ərazilərə geri qayıdır. Böyük qürur hissi ilə qeyd etməliyik ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında uzun həsrətdən sonra uşaqlar ümumtəhsil məktəblərində təhsil alır, onların sevinc dolu səsləri eşidilir.

Bununla belə, təəssüflə qeyd olunmalıdır ki, işğaldan azad edilmiş ərazilərin minalarla çirkləndirilməsi yenidənqurma və qayıdış prosesini ləngidir, ən çox təsirə məruz qalan uşaqlar da daxil olmaqla, mülki əhalinin təhlükəsizliyinə ciddi əngəl törədir. Mövcud maneələrə baxmayaraq, bütün məcburi köçkün həyatı yaşamağa məcbur olmuş övladlarımızın yaxın gələcəkdə doğma yurdlarına dönərək təhsillərini uğurla davam etdirəcəklərinə və böyük nailiyyətlər qazanacağına inanırıq.

Ölkəmizdə uşaqların hüquq və maraqlarının qorunması məqsədilə qanunvericiliyin və institusional mexanizmlərin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində də müntəzəm olaraq tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli Konstitusiya Qanununa əsasən, Müvəkkilə “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi səlahiyyətinin verilməsi bu istiqamətdə atılan addımlardandır.

Uşaq hüquqlarının səmərəli müdafiəsi və təşviqinə nail olmaq məqsədilə hər il olduğu kimi, 2023-cü ildə də “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində Ombudsman tərəfindən ölkədə 20 oktyabr – 20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilib.

Uşaqların, xüsusilə çətin həyat şəraitində olan uşaqların vəziyyətinin öyrənilməsi, təhsil, səhiyyə, sosial müdafiə, məhkəmə, hüquq mühafizə, idman, mədəniyyət, istirahət, media və digər sahələrdə, habelə ailədə və cəmiyyətdə uşaqlar və onlarla müntəzəm təmasda olan şəxslər arasında uşaq hüquqları sahəsində məlumatlılığın artırılması önəmli hesab olunan məsələlərdir. Dövlət və yerli özünüidarə orqanları, vətəndaş cəmiyyəti institutları, o cümlədən həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları, media və digər qurumlar tərəfindən uşaq hüquqlarının üstün mühafizəsi prinsipi əsas tutulmaqla bu istiqamətdə həyata keçirilən tədbirlər əhəmiyyətli rol oynayır: “Müvafiq qurumların uşaqların müdafiəsi sahəsində səmərəli və əlaqəli şəkildə fəaliyyət göstərməsi uşaqların hüquq və maraqlarının daha etibarlı təmin olunmasına xidmət edir.

Qeyd edilənləri nəzərə alaraq, hesab edirik ki,  bütün aidiyyəti qurumları “Uşaq Hüquqları Aylığı”na qoşulmağa dəvət edərək, təşəbbüsümüzə dəstək verməyə, aylıq çərçivəsində uşaqların iştirakını təmin etməklə uşaq hüquqlarının müxtəlif aspektləri üzrə araşdırmaların aparılmasına, maarifləndirmə, təşviqat və digər tədbirlərin keçirilməsinə çağırılmalıdır .

20 noyabr  Ümumdünya Uşaq Hüququları günü bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da hər il yüksək səviyyədə qeyd olunur. 1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də Baş Məclis Uşaq hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin günündə isə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul edib.

Uşaq hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir.

Uşaq hüquqları Konvensiyasının 54 maddəsinin hər birində ayrı-ayrı hüquqlardan danışılır. Burada inkişaf hüquqları, müdafiə hüquqları, iştirak hüquqları, yaşamaq hüquqları əhatə olunur.

İnkişaf hüquqları dedikdə, uşaqların təhsil almaq, oynamaq və istirahət etmək, məlumat almaq və dini hüquqları nəzərdə tutulur. Müdafiə hüquqları isə uşaqları müxtəlif zorakılıq, müharibələr və  uşaq əməyinin istismarından, narkotik maddələrin istifadəsindən qoruyur. Bunlardan əlavə Konvensiyanın azad fikir söyləmək, cəmiyyətdə fəal iştirak etmək, yaşamaq və bunun üçün lazımi tələbatları təmin etmək hüquqları da təmin edir.

Qeyd etmək lazımdır ki, nikah yaşından az olan yeniyetmələrin ailə qurması özlərinin hər hansı bir şəxs tərəfindən buna təhrik edilməsi isə qadın və uşaq hüquqlarının kobud şəkildə pozulmasıdır. Erkən nikah ailə məsələlərində ciddi məqamlardan biridir, ailənin və ailə üzvlərinin taleyinə birbaşa təsir edir.

    “Erkən nikah ailə institutunun məhvidir” mövzusunda çıxış edərək vurğulamalıyıq ki, nikaha daxil olan gənclər ailə yaratmaqla təkcə bir-birləri qarşısında deyil, eyni zamanda valideynləri, yaxınları və ümumiyyətlə, cəmiyyət qarşısında məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10-cu maddəsində nikah yaşının 18 olduğu qeyd olunmuşdur. Bəzən elə hallar olur ki, gənclərimiz ailə anlayışını kifayət qədər dərk etmədən yaşlarının rəsmi nikah üçün müəyyən edilmiş yaş həddindən aşağı olmasına baxmayaraq, erkən yaşda ailə qurmağa meyilli olurlar. Belə hallar nikah hesab olunmur, şərti olaraq erkən nikah adlanır və sağlam mənəvi-fizioloji təməllər üzərində qurulmadığı üçün ailələrin dağılmasına səbəb olur.

    “Erkən nikahın fəsadları” –ından danışarkən deməliyik ki,  erkən nikah əsasında qurulan ailələrdə nikahın pozulması, məişət zorakılığı, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsi, fiziki-psixoloji çətinliklər, təhsildən məhrum edilmə və şəxsi azadlıqların itirilməsi kimi mənfi nəticələr qaçılmazdır.

 Azərbaycan Respublikasında qəbul olunmuş normativ-hüquqi aktların erkən nikah hallarının yaranmasına yol vermədiyini qeyd edərək oxucuların diqqətinə çatdıraq  ki, erkən nikah hallarına yol vermiş şəxslərin məsuliyyətinin artırılması istiqamətində müvafiq tədbirlər görülməkdədir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176.1.1-ci maddəsində göstərilir: “Qadını nikaha daxil olmağa məcburetmə – iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176.1.2-ci maddəsində qeyd olunur: “Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə – üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum­etmə ilə cəzalandırılır”.

Qeyd olunan problemlərin həll olunması isə onlarıın səbəblərinin aradan qaldırılmasından və həmin bölgə, kənd və məktəblərdə ciddi maarifləndirmə işlərinin aparılmasından keçir. Ümid edirik ki, uşaq hüquqları cəmiyyətimizdə ciddi qəbul olunacaq, uşaqların şəxsiyyət kimi formalaşdırılması hər bir kəs üçün məsuliyyət yaradacaq.

Sonda uşaqlarımıza firəvan həyat, sülh və əminamanlıq arzulamaqla gələcəyimiz uşaqlara uğurlar arzulayırıq.  

Nəriman İsmayılov-Bərdə rayon Qeydiyyat şöbəsinin rəisi, Kiçik ədliyyə müşaviri