27 İyul 2024

2025-ci ildə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır

2020-ci ilin noyabr ayının 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatla münaqişənin hərbi mərhələsi başa çatdı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoyuldu. Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifin puç olduğunu bütün dünyaya göstərdi, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

Mahiyyət etibarı ilə Ermənistanın kapitulyasiya aktı olan 10 noyabr Bəyanatının imzalanması ilə Azərbaycanın bir çox növbəti siyasi-diplomatik və iqtisadi uğurlarının əsası qoyuldu. İlk növbədə reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşəcək.

Bəyanatın imzalanması ilə Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən işğaldan azad edildi və Azərbaycanda Böyük Qayıdış strategiyası icra olunmağa başlandı. Düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması mərhələsi artıq başlanıb. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Bu gün artıq keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. Azad edilmiş ərazilərdə birbaşa cənab Prezident İlham Əliyevin nəzarətində olmaqla irimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları fəaliyyətə başlayıb və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək.

10 noyabr Bəyanatının imzalanması ilə ölkəmizin əldə etdiyi ən önəmli siyasi uğurlardan biri Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına razılıq əldə olunması və bu məsələ ilə bağlı müvafiq Komissiyaların yaradılması oldu. Və əlbəttə ki, Bəyanatın ölkəmizə verdiyi ən böyük üstünlüklərdən biri də sonrakı illərdə imzalanmış digər bəyanat və razılaşmalarda Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması faktının təsbit olunmasıdır.Beləliklə, üç il bundan öncə savaş meydanında əldə etdiyi tarixi Qələbəsinin Azərbaycan bu gün artıq bütün siyasi-diplomatik müstəvilərdə də yetərincə təsdiqinə nail olub.

Emilya Rəhimova

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı