24 İyul 2024

Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycanın tarixi qələbəsidir

Azərbaycanın tarixi zəfərə imza atdığı, xalqımızın möhtəşəm birliyi, qüruru qarşısında erməni mifinin birdəfəlik darmadağın edildiyi gündən üç il ötür. Müzəffər Ali Baş Komandanın qətiyyəti nəticəsində artıq Azərbaycanın hər qarış torpağında şanlı Vətənimizin üçrəngli bayrağı dalğalanır. Azərbaycan xalqı düşmənə bir daha sübut etdi ki, əcdadlarımızdan bizə miras qalan yurd yerlərinin bir qarış torpağına belə heç kəs göz tikə bilməz. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı ölkə rəhbərinin ətrafında ali amal uğrunda “Dəmir yumruq” kimi birləşdi, Vətənə sonsuz sevgi və məhəbbət nümayiş etdirdi. Qazanılan bu böyük Qələbə, Xalq-Prezident-Ordu birliyi Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı.

Bütün dünya Azərbaycanın qüdrətinə, haqq-ədalət uğrunda savaşına, xalqımızın misli görünməmiş qəhrəmanlıq salnaməsinə şahidlik etdi. “Qarabağ Azərbaycandır və nida işarəsi”-söyləyən Ali Baş Komandan, ölkə Başçımız cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuzun, rəşadətli əsgər və zabitlərimizin hünəri sayəsində şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisası döyüş meydanında alındı. Mədəniyyətimizin və tariximizin rəmzi olan Şuşa şəhərinin işğaldan azad edildiyi tarixi gündə Şuşa xəyallarımız gerçəkləşdi, dünyanın müharibələr tarixinə Azərbaycan igidlərinin misilsiz qəhrəmanlıqları yazıldı. Bu əlamətdar gündə Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında Azərbaycanı diktə edən tərəfə çevirdi, “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsinin üstündən birdəfəlik xətt çəkdi.

Bu gün Azərbaycan bütün addımların həyata keçirilməsi və sülh müqaviləsinin imzalanması üçün hüquqi prinsipləri, beynəlxalq normaları və qanunların aliliyini əsas götürür. Buna görə də, uzun illər Azərbaycan-Ermənistan arasındakı münaqişəyə səssiz qalmaqla, öz nüfuzlarını zərbə altına qoyan beynəlxalq qurumlar, xüsusilə də, BMT, ATƏT və digərləri sülh müqaviləsinin imzalanması üçün öz təşəbbüslərini ortaya qoymalıdırlar. Əks halda, rəzil sosial partlayışlar fonunda məhv olan Ermənistan bundan sonra da region üçün əsas təhlükə mənbəyi kimi qalacaqdır. Azərbaycan tərəfindən irəli sürülmüş 5 prinsip sülh müqaviləsinin əsasını təşkil etməlidir. Ərazi bütövlüyü tanınılmalı, sərhədlər müəyyən olunmalı, hər kəs öz ölkəsində yaşamalı və bir-birinin işinə qarışmamalıdır. Sülh müqaviləsinin imzalanması Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə, daha bir işğalçının zərərsizləşdirilməsinə və onun sivil, normal münasibətlər müstəvisinə çıxarılmasına, regionda və dünyada iqtisadi-siyasi əlaqələrin daha intensiv şəkildə reallaşdırılmasına xidmət edəcək.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi