23 Dekabr 2024

10 may – Bizim ən əziz günümüzdür

Hər ilin bu gününü xalqımız bayram əhvali-ruhiyyəsində qarşılayır.Azərbaycanın böyük oğlunu hamılıqla sevə-sevə xatırlayırıq.Onun haqqında geniş müzakirələr açılır, həyat və fəaliyyətindən danışılır. Yeni nəslin formalaşmasında, milli ruhda böyüdülməsində, əsl vətənpərvər kimi tərbiyə olunmasında bu böyük azərbaycanlının, uzaqgörən siyasətçinin keçdiyi ömür yolu sözün həqiqi mənasında böyük bir məktəbdir, desək,yanılmarıq.

Heydər Əliyev Azərbaycan üçün həm də bir xilaskardır. Onun müstəqilliyimizin ilk illərində siyasətə yenidən qayıdışı düçar olduğumuz bəlalardan bizi qurtarmış oldu. Parçalanmaq və dağılmaq təhlükəsilə qarşılaşan vətənimiz onun cəsarəti, uzaqgörən siyasəti, dərin düşüncəyə malik ağlı sayəsində təhlükələrdən xilas oldu.

Budur , Azərbaycan xalqının böyük, dahi şəxsiyyət Heydər Əliyevi sevməyinin səbəbi. Qədrbilən xalqımız tarixin çətin sınağına sinə gərmiş, Azərbaycandan ötrü həyatını təhlükələrə atmış oğlunu yüzillər keçsə də unutmayacaq. İşıqlı qəlbində daim belə sevgiylə anacaqdır.Hansı ki, Ümummilli liderin belə bir sözü olmuşdur: “ Nə qədər Azərbaycan var, mən də varam”.

Ulu öndər Heydər Əliyevin anadan olmasından 98 il ötür.

Heydər Əliyev fenomeni təkcə bir məkanla, Azərbaycanla məhdudlaşmır. O, hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən biridir. Biz dünyanın məşhur simalarının bu dahi şəxsiyyət haqqında necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Heydər Əliyev siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir.

Heydər Əliyev zəkası məkan və zaman anlayışı tanımayıb. Naxçıvanda sadə bir ailədə dünyaya gələn bu böyük insanın siyasət olimpinə yolu təlatümlərdən, çətin sınaqlardan, aramsız mübarizələrdən keçib.

Bu dahi şəxsiyyətin xalqı qarşısında daha bir müstəsna xidməti İlham Əliyev kimi oğul yetişdirməsi, özündən sonra layiqli varis qoymasıdır. Yeni əsrin lideri olan Prezident İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, praqmatik siyasəti ilə ölkəmizi irəli aparır. Xalq dövlətin sükanının etibarlı əllərdə olduğuna əmindir, öz Prezidentinə inanır və onun arxasınca inamla gedir.

Son 44 günlük müharibədə Ali baş komandanımız İlham Əliyevin xalqımıza bəxş elədiyi qələbə bu fikrin, bilavasitə, bariz nümunəsinə çevrilmiş oldu. İşğal altında olan torpaqlarımız azad edildi. Xalqımızın qeyrət tacı Şuşamız yenidən özümüzə qaytarıldı. Bu günlərdə Şuşa dirçəldilir,erməni vandalizmindən azad edilmiş şəhər bərpa edilir, milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan tarixi mədəniyyət abidələrinin restavrasiyası aparılır. Bütün bunları bizə bəxş eliyən bir komandanımız var . O da Ulu Öndər Heydər Əliyevin layiqli varisi möhtərəm prezidentimiz cənab İlham Əliyevdir. Heç şübhəsiz ki, bu günlər üçün biz Heydər Əliyev siyasi kursuna və onun layiqli davamçısı İlham Əliyevə borcluyuq.

Azərbaycanın dirçəlişi hələ SSRİ kimi bir imperiyanın tərkibində olarkən başlamışdı. İqtisadi-mədəni baxımından çoxlu sayda uğurlara sahib olmuşdur. Bütün bunlar Ümummilli lider Heydər Əliyevin  respublika rəhbərliyinə gəlişi ilə mümkün olmuşdur.

Ötən əsrin 70-ci illərində Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış ucqarlarından biri hesab olunurdu. O vaxtadək respublikaya rəhbərlik edənlər bununla barışır, vəziyyəti dəyişməyə cəhd göstərmirdilər. Bu xoşagəlməz tendensiya Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumuna qədər – Heydər Əliyev birinci katib seçilənədək davam etdi.

Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə həyat ritmi dəyişdi: bütün sahələrdə görünməmiş canlanma və inkişaf, nəhəng tikinti-quruculuq işləri başlandı. Bakıda o dövr üçün nadir müəssisələr (məsələn, məişət kondisionerləri, dərin dəniz özülləri zavodları), paytaxtımıza bu gün də yaraşıq verən ictimai binalar (“Gülüstan” sarayı, Heydər Əliyev Sarayı) tikildi, nəhəng yaşayış massivləri (Yeni Əhmədli, Günəşli) salındı. Kənd təsərrüfatı məhsulları, xüsusən pambıq, üzüm, tərəvəz istehsalı dəfələrlə artdı. Bunun nəticəsi olaraq, əhalinin güzəranı da yaxşılaşdı, bir çox sosial layihələr həyata keçirildi. Siyasətşünaslar bu illəri haqlı olaraq Azərbaycanın dirçəliş və yüksəliş dövrü kimi səciyyələndirirlər.

Heydər Əliyev həyatının müəyyən dövründə SSRİ rəhbərliyində Azərbaycanı təmsil eləməli olmuşdu.Heydər Əliyev Siyasi Büronun üzvü seçiləndə, bir qədər sonra Moskvaya vəzifəyə gedəndə Azərbaycanda insanlar çox sevinir, bir-birini təbrik edirdilər. Bu, iki amillə izah olunurdu. Birincisi, azərbaycanlının SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında yüksək mövqe və vəzifə tutması həqiqətən qürurverici hadisə idi. İkincisi, Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi Azərbaycanın xeyrinə işləyə bilərdi: onun bir əli Vətənin üstündə olacaqdı. İnsanlar bu düşüncələrində yanılmadılar. Heydər Əliyev artan nüfuzundan və mərkəzi hökumətdə ikinci şəxs olaraq vəzifə imkanlarından istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana mümkün qədər çox vəsait ayrılmasına, bir sıra irimiqyaslı layihələrin Bakıya salınmasına nail oldu. İttifaq miqyasında gördüyü nəhəng işlər, fitri təşkilatçılıq bacarığı onun şöhrətini getdikcə artırırdı. Obyektiv siyasətçilər hesab edirdilər ki, Heydər Əliyev Baş katib vəzifəsinə ən yaxşı namizəddir.

Sonra məlum hadisələr baş verdi. Mixail Qorbaçov siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə münasibət dəyişdi, ona qarşı həsəd və qısqanclıq hissləri baş qaldırdı. Ölkə rəhbərliyi ilə aralarında yaranmış ixtilaflar və ciddi fikir ayrılığı səbəbindən istefa verdi. Bununla eyni vaxtda Azərbaycanın qara günləri başladı. Onda da, indi də bir çoxları əminliklə deyirlər ki, əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, nə Qarabağ, nə də 20 Yanvar hadisələri baş verməzdi.

Bu ağır günlərdə Ulu Öndər vətəni Azərbaycana qayıtdı. Kremlin köləsi olan rəhbərlik onun Bakıya yolunu kəsdiyi üçün doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu.

Bununla da Heydər Əliyevin həyatında Naxçıvan dövrü başladı. Naxçıvanda xalq Heydər Əliyevi böyük təntənə ilə qarşıladı. Xalqın təkidilə Muxtar Respublikanın ictimai-siyasi həyatına qoşulan  Heydər Əliyev ona bəslənilən ümidləri qısa müddətdə doğrultdu: muxtar respublikanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Üçrəngli bayrağımız 70 ildən sonra ilk dəfə məhz Naxçıvanda ucaldıldı. Onun muxtar respublikaya rəhbərliyi dövründə qəbul olunmuş taleyüklü qərarlar Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. 1990-cı illərin əvvəllərində azadlıq və nicat küləkləri məhz Naxçıvandan əsirdi. Ağır günlər keçirən xalq gözünü Heydər Əliyevə dikmişdi.

Heydər Əliyev: xalqın xilaskarı və müstəqil Azərbaycanın banisi

1993-cü ildə Azərbaycan tufanlı dənizdə yelkənsiz gəmiyə bənzəyirdi. Dalğalar bu gəmini hər an qayalara çırpıb batıra bilərdi. Son dərəcə mürəkkəb və ağır vəziyyətdə xalqın təkidli çağırışları ilə hakimiyyətə qayıdan Heydər Əliyev məsuliyyəti və xilaskarlıq missiyasını cəsarətlə çiyinlərinə götürdü. Separatizmin, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə alaraq ölkəni parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Yenicə yaranmaqda olan nizami ordu ermənilərin torpaqlarımıza aramsız hücumlarını dayandıra bildi, Qarabağ müharibəsində atəşkəsə nail olundu.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü bu və digər taleyüklü hadisələrlə zəngindir.

Əbədiyyət simvolu

Fəxri xiyaban. Paytaxtımızın ən uca nöqtələrindən birində yerləşən bu xiyabanda Heydər Əliyevin möhtəşəm, əbədiyyət simvolu olan abidəsi ucalır. Azərbaycana təşrif buyuran yüksək səviyyəli dövlət və siyasi xadimlər, görkəmli şəxslər, hər bir mötəbər qonaq bu abidəni ziyarət edərək xalqımızın Ulu Öndərinin xatirəsinə hörmət və ehtiramını bildirir.

Xalqımız hər ilin 12 dekabrında Uluöndərin məzarını ziyarət etməklə dahi və əvəzolunmaz liderə olan sevgisini bildirir. Hər il keçdikcə Ulu Öndərin şəxsiyyətinin əzəməti daha da böyümüş olur. Ondan uzaqlaşdıqca böyüklüyün daha aydın təsəvvür etmək mümkündür.Necə ki, əzəmətli dağlara yaxın olanda yox, uzaqlaşanda böyük olduğu görünür.

Bu gün də hər biz azərbaycanlının borcu Heydər Əliyev siyasi kursuna sadiq olub, ölkəmizin inkişaf strategiyasına xidmət eləməkdir. Bu yolu bizə bəxş eliyən məhz Heydər Əliyev olmuşdur.

Ruhu qarşısında baş əyirik!!!

Nəriman İsmayılov

Bərdə Rayon Qeydiyyat Şöbəsinin rəisi

I dərəcəli ədliyyə qulluqçusu