Ərdoğan: “Qara dəniz sülh dənizi olaraq qalmalıdır”
“Ukraynanın şərqindəki vəziyyət diplomatik əsaslarla həll olunmalıdır. Narahatıq doğuracaq hadisələrin inkişafına son qoyulmasını diləyirik”.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında bu fikirləri bildirib.
Ərdoğan deyib ki, Türkiyə bu istiqamətdə lazım olan hər cür dəstəyi verməyə hazırdır: “Qara dəniz sülh dənizi olaraq qalmalıdır. Qara dənizdə sülh və rifahın bərpası hədəfimizdir. Ortaq coğrafiyamızda nəyin bahasına olursa-olsun, gərginliyin artmasını arzu etmirik. Bu istiqamətdə dəyərli dostum Zelenski ilə fikir mübadiləsi apardıq”.
Ərdoğan Rusiya ilə Ukrayna arasında yaranan münaqişənin Minsk anlaşmaları əsasında dialoq yolu ilə həll olacağına ümid etdiyini vurğulayıb: “Son zamanlar regionda gərginliyin artması arzuolunan deyil. Mövcud böhranın Ukraynanın ərazi bütövlüyünün və beynəlxalq hüququn tələbləri çərçivəsində sülh şəraitində və diplomatik yollarla həll olunmasının vacibliyinə inanırıq.
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Ukraynada Donbas bölgəsində sülhün bərpası missiyasını çətin şəraitdə davam etdirir və etdirməlidir. Müşahidəçilərin bu missiyasının da təhlükəsizliyin təmini şərtləri əsasında olması əhəmiyyətlidir. Bu məsələlərdə hər kəs üzərinə düşəni yerinə yetirməlidir. Yaradılandan bəri türk diplomatları tərəfindən idarə edilən Avropa Təhlükəsizlik Komissiyasının missiyasını yerinə yetirməsi üçün verdiyimiz dəstəyi bundan sonra da davam etdirəcəyik”.