Zəngilan təxribatında “rus barmağı”
Diversantlar Rusiyanın nəzarət etdiyi ərazidən necə keçib?
Məlumat verildiyi kimi, aprel ayının 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycanın dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınaraq diversantlar geri çəkilməyə məcbur edilib. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Burada diqqətçəkən əsas məqam erməni diversiya qrupunun keçməyə çalışdığı sərhəd xəttinə Rusiya sərhədçilərinin nəzarət etməsidir. O halda ortaya bu versiya çıxır: təxribata şəraiti Rusiya sərhədçiləri yaradıb, bununla Moskva Brüssel razılaşmasını pozmağa çalışmaqla Azərbaycan və Ermənistana “mənim iştirakım olmadan bu regionda heç bir problem həll ola bilməz” mesajını vermək istəyib.
Əslində sərhəddəki təxribat Ermənistanın münaqişənin tərəfi kimi qaldığı, Azərbaycanın ərazi bütövlüyünün İrəvan tərəfindən tanınmayacağı mənasına gələ bilər. Amma bütün bu proseslərdən sonra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığının baş tutması bu iddianın əsassız olduğunu da göstərə bilər.
Nəzərə alsaq ki, nazirlər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar və tərəflər Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəliblər, o zaman sərhəddəki təxribatda Rusiya barmağının olduğu şübhələri artmış oldu. İstisna edilmir ki, bu təxribatların sayı Ermənistan-Azərbaycan sərhədində arta bilər.
Siyasi ekspertlər hesab edir ki, əslində Zəngilanda erməni diversantın saxlanılması Bakıya imkan verir ki, həm Brüssel, həm də Moskva qarşısında İrəvanın sərhəd razılaşmasını pozduğu məsələsini qaldırsın. Bu amil isə sülh sazişi yolunda Ermənistana təzyiqləri artırmaq, prosesi daha da sürətləndirmək baxımından Bakının əlini gücləndirə bilər.
İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin eksperti İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan sərhəddə faktiki hərbi təxribat törədib: “Erməni diversantların Zəngilan rayonu ərazisinə keçməklə hərbi təxribat törətməyə cəhd eləmələri onu göstərir ki, Ermənistan sülh müqaviləsi imzalamağa hazır deyil. Eyni zamanda Ermənistan bununla indiyə qədər əldə edilən razılaşmaları ya özü birbaşa, ya da Rusiyanın göstərişi ilə pozmaqda maraqlı olduğunu nümayiş etdirmiş oldu. Maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşdən sonra Paşinyanın siyasi leksikonunda bəzi dəyişikliklər müşahidə olunur. Məhz bu görüşdən sonra Ermənistan-Azərbaycan sərhədində, özü də rus hərbçilərin nəzarət etdiyi xətdən keçilərək hərbi təxribat baş verdi.
Eyni zamanda qeyd olunmalıdır ki, Brüssel sülh gündəliyinə uyğun olaraq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında siyasi dialoq davam etdirilir. Siyasi gündəliyə uyğun olaraq tərəflər artıq ikinci dəfədir ki, telefonla danışıqlar aparıblar. Bu da onu göstərir ki, aprel ayının sonuna qədər sərhəd komissiyasının çağırılması ilə bağlı ümidverici yanaşmalar mövcuddur. Lakin məhz Zəngilan ərazisinə erməni təxribatçıların göndərilməsi bir sıra sualları ortaya çıxarır. Erməni diversantın saxlanılması siyasi zəmində Bakıya mühüm üstünlüklər qazandırır. Həm Brüssel, həm də Moskva qarşısında sərhəd razılaşması, delimitasiya prosesinin formalaşması istiqamətində Azərbaycanın mövqeyini bir qədər də gücləndirir. Diversantların sərhədi keçməyi və onların orada saxlanılması sərhəd məsələsi probleminin birdəfəlik həll edilməsi zərurətini ortaya çıxarır və yeni imkan yaradır. Azərbaycan Moskva qarşısında sual qoya bilər ki, erməni diversantlar Rusiyanın nəzarət etdiyi ərazidən necə keçib”.
Ekspertin sözlərinə görə, sülh gündəliyi davam etdiyi bir dövrdə diversiya qrupunun Azərbaycan ərazisinə daxil olmağa cəhd göstərməsi sülh prosesinə kölgə salır: “Diqqətçəkən daha bir məqam odur ki, biz ATƏT-in Minsk Qrupunun tarixə qovuşduğu hazırkı situasiyada digər addımları da müşahidə edirik. ATƏT-in Minsk Qrupunun rusiyalı keçmiş həmsədri İqor Xovayev artıq Rusiyanın xüsusi nümayəndəsi qismində Ermənistan-Azərbaycan sərhədlərinin və münasibətlərinin formalaşmasında iştirak edəcək. Analoji addımı ABŞ da atıb. Minsk Qrupunun amerikalı keçmiş həmsədri xüsusi nümayəndə olaraq prosesə qoşulub. Sərhəd probleminin aradan qaldırılması, sülh müqaviləsinin imzalanması, Bakının irəli sürdüyü 5 maddəlik təkliflərin Ermənistan tərəfindən qəbul edilməsi həm də əməli praktiki zəmində məsələlərin həllini özündə ehtiva edir. Bu xüsusda Rusiyanın sülh prosesinə dəstək verməsi arzuolunandır. Rəsmi Moskva bu istiqamətdə fəaliyyətini bir qədər də gücləndirməlidir. Sülh prosesinə, sülh sazişinin hazırlanmasına və imzalanmasına maneçilik törətmək, prosesləri tormozlamaq, əldə olunan razılaşmaların yerinə yetirilməməsinə çalışmaq isə tamamilə qəbulolunmazdır”.