Zabuxda qarşıdurma hazırlanır – iki məkrli məqsəd
Torpağımızda qeyri-qanuni məskunlaşan ermənilər kəndi tərk etməkdən imtina edib müqavimət göstərməyə çalışsalar, Azərbaycanın xüsusi əməliyyat keçirməyə qanuni səlahiyyəti olacaq
Laçın rayonunun Ermənistanla sərhəddə yerləşən Zabux kəndində qanunsuz məskunlaşan ermənilər baş nazir Nikol Paşinyana tabe olub kəndi tərk etmək fikrində deyillər. Hətta silahlı müqavimət göstərməyə hazır olduqları deyilir. Xəbər verdiyimiz kimi, Paşinyan iyunun 28-də keçirdiyi mətbuat konfransında Laçın dəhlizinə yeni alternativ yolun tikintisi başa çatdıqdan sonra Laçın şəhəri, eləcə də Zabux və Sis kəndlərinin Azərbaycanın nəzarətinə keçəcəyini təsdiqləyib. Paşinyanın sözlərinə görə, hazırda Laçında heç kim yaşamır.
O qeyd edib ki, Zabuxda yaşayan erməni ailələri də mənzillə təmin olunacaqlar. Paşinyanın sözlərinə görə, Rusiya onu “ən yüksək səviyyədə” əmin edib ki, yeni yolda Azərbaycan nəzarət-buraxılış məntəqəsi olmayacaq və nəzarəti Rusiya sülhməramlıları həyata keçirəcəklər. Lakin Zabuxda qanunsuz məskunlaşan ermənilər kəndi tərk etməyəcəklərini bildirərək Paşinyanın açıqlamalarına qarşı çıxıblar.
Özünü Zabux “kənd icmasının başçısı” adlandıran Gevorq Çauşyan Ermənistan mətbuatına bildirib ki, Paşinyanın qərarını həyata keçirmək fikrində deyillər. “Kənd başçısı” təslim olmaq fikrində olmadıqlarını, “lazım gəlsə, özünümüdafiəyə də keçəcəklərini” vurğulayıb. O hesab edir ki, Paşinyanın Laçınla bağlı açıqlamaları daha çox Rusiyaya ünvanlanıb: “Heç kim ona torpaq köçürmək üçün mandat verməyib. Rusiyanın buradakı rolu isə sülhməramlı missiyanı yerinə yetirməkdir”.
Buradan o nəticə çıxır ki, Zabuxda qeyri-qanuni məskunlaşan ermənilər kəndi tərk etməkdən imtina edib müqavimət göstərməyə çalışsalar, Azərbaycanın qanunsuz məskunlaşmış və silahlı ermənilərin zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat keçirməyə qanuni səlahiyyəti olacaq. Baxmayaraq ki, Zabux kəndində qeyri-qanuni məskunlaşan bir qrup erməninin müqavimət göstərmə ehtimalı son dərəcə azdır. Paşinyanın açıqlamaları təkcə Zabux kəndində yaşayan erməniləri deyil, Qarabağ kartının köməyi ilə hakimiyyəti dəyişməyə çalışan revanşist müxalifəti də həyəcanlandırıb. Revanşistlər İrəvanda Fransa meydanında yeni mitinq çağırıblar. Məğlub olmuş erməni müxalifəti Paşinyana qarşı indi də “Zabux kartı”ndan istifadə etməyə çalışır. Məqsəd budur ki, təxribat olsun və orada bir neçə erməni gəbərsin. Sonra isə bunu Paşinyana və Azərbaycana qarşı istifadə etsinlər.
Razı Nurullayev
Milli Cəbhə Partiyasının sədri, deputat Razı Nurullayev çox maraqlı bir təkliflə çıxış etdi: “Zabuxda yaşayan ermənilərin canfəşanlıq etmələri, ara qatmaları, kəndi tərk etmək istəməmələri təbii ki, təxribatdır. Azərbaycan Ordusu onların səsini bir dəqiqədə kəsə bilər. Azərbaycan öz vətəndaşlarına, öhdəliklərinə hörmət edən bir dövlətdir. Ermənistan isə sadəcə, bütün vasitələrdən istifadə edərək, ancaq və ancaq əldə olunan nəticələri məhv etmək, münasibətləri korlamaq və prosesi uzatmaq məqsədi güdür. 10 noyabr razılaşmasına görə, Azərbaycan üç il ərzində alternativ yolu tikir və sonra Laçın dəhlizində olan rus sülhməramlılar yeni yola keçirlər. Yeni yol da Azərbaycan ərazisidir, mülkiyyətimizdir. Azərbaycan orada gömrük postu da yarada bilər, sərhədçilərini yerləşdirməsi hüququdur. Bunlar Azərbaycanın daxili işidir. Sadəcə olaraq, orada rus sülhməramlılar asayişi qoruyurlar. Bir növ ermənilərin vəhşiliklərini dayandırırlar. Azərbaycan orada yaşayan ermənilərə qarşı heç bir niyyət planlaşdırmır. O vaxta kimi ki, onlar qanunsuz hərəkət etməsinlər və Azərbaycana qarşı çıxmasınlar. Zabuxda olanların, Ermənistan siyasi rəhbərliyinin nə deyib-deməməsindən asılı olmayaraq, ermənilər oranı tərk edəcəklər. Zabuxda qalanlar daha çox Suriya və Livandan ora köçürülən erməni miqrantlardır. Onlar Azərbaycan ərazisinə qanunsuz yerləşdirildiklərinə görə həbsləri həyata keçirilməlidir. Azərbaycan tərəfi belə bir tələb irəli sürə bilər ki, Zabuxda yaşayanların həbslərini həyata keçirə bilərik. Onların qanunsuz ora məskunlaşdırılması hər dəfəsində önə çəkilməlidir. Başqa ölkələrin vətəndaşları gəlib Azərbaycan ərazilərini zəbt edib, burada qanunsuz yaşayırlar. Sərhədi qanunsuz keçiblər, qanunsuz evlər tikiblər. Onlar qanunlarımıza görə həbs edilməlidir. Azərbaycan onların bir neçəsini həbs edib göstərməlidir ki, bizim bu gücümüz də var, qanuni hərəkət edirəm”.
Deputat erməni müxalifətinin bu məsələdən istifadə edib Paşinyanı devirə biləcəyi yönündəki məsələyə də toxundu: “Biz belə məsələlərdən narahatlıq keçirməli deyilik. Deyə bilmərik ki, Paşinyan yaxşıdır, o birilər pisdir, yaxud da əksi. Mənim üçün erməni elə ermənidir. Onların bir düşüncəsi, ideologiyası var. Sadəcə, kimsə yumruq görüb ağıllı başına gəlib. Amma başı isti yerdə olub, başına nə gələcəyini anlamayanlar da var. Düşünürəm ki, Paşinyan hakimiyyətdən getsə, yerinə başqası gəlsə, Azərbaycan üçün heç nə dəyişməyəcək. Mövqeyimiz qətidir. Uğursuzluq qazanmırıq, zəifləmirik. Əksinə, Ermənistandakı hakimiyyət dəyişikliyi böyük kataklizmlərə gətirib çıxara bilər. Vətəndaş müharibəsinə gətirib çıxara bilməsi də mümkündür. Ermənistanın öhdəliyi ilə bağlı xarici vətəndaşları qarşısında ciddi problemlər yarada bilər. Azərbaycan heç bir halda bu proseslərdən uduzmuş formada çıxa bilməz. Ərazi bütövlüyümüzü təmin etmişik. Erməni terrorçuları qalıb ki, onları həmin yerlərdən çıxarmaq istiqamətində işlər görülür. Qarşıya qoyulan bütün planlar mərhələ-mərhələ həyata keçirilir. Ümumiyyətlə, Qarabağla bağlı Azərbaycan hakimiyyətinin apardığı siyasəti dəstəkləyirəm. İlham Əliyev bu məsələlərdə böyük bir lider olduğunu ortalığa qoyur. Hətta deyərdim ki, onun xarici siyasətdə sərgilədiyi siyasət bəlkə də dünyanın 193 ölkəsinin heç birində sərgilənmir. Bu məsələlərdə Prezidentə dəstək vermək lazımdır. Dövlətin yanında dayanmalıyıq. Əminəm ki, mərhələ-mərhələ İlham Əliyev o məsələlərin hər birini zərgər dəqiqliyi ilə yerinə yetirəcək. Əvvəlindən buna inanmışam. 44 günlük savaşdan sonra da inanmağa davam edirəm. Hər gün İlham Əliyevin sözləri, fikirləri, atdığı addımlar bizi bu məsələlərə daha çox inanmağa sövq edir”.
Akif Nağı
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı sonda ermənilərin Zabux kəndini tərk edəcəklərini söylədi: “Ermənilər müxtəlif məqamlardan həm ölkədaxili problemlərində, həm də Azərbaycana qarşı istifadə etməyə çalışırlar. Çox vaxt isə müəyyən problemləri özləri yaradır, daha doğrusu, istifadə etmək üçün yaradırlar. Zabux kəndi ilə bağlı məsələ süni şəkildə yaradılıb. Oraya ermənilər xaricdən qeyri-qanuni olaraq gətirilib, orada qanunsuz məskunlaşma həyata keçirilib. O ermənilərin orada qalıb yaşamağa heç bir haqqı yoxdur. Azərbaycan qanunlarına, beynəlxalq hüquqa görə onlar kəndi dərhal tərk etməlidirlər. 2020-ci ildə ermənilər Laçın və Kəlbəcərdən də çıxmaq istəmir, çığır-bağır salırdılar, amma sonda şələ-şülələrini də götürüb getdilər. İndi də elə olacaq. Oradakı ermənilər bunu başa düşürlər. Sadəcə, onlardan kimlərsə istifadə edir, onlara dil verib ortaya atırlar. Bunu Paşinyan da edə bilər ki, Azərbaycanla danışıqlarda əlavə ”kart” əldə etsin. Bu, erməni müxalifətinin də işi ola bilər ki, Paşinyana qarşı mənfi münasibəti gücləndirsinlər. Rusiya sülhməramlılarının da əli olmamış deyil ki, vacib “missiya”nı yerinə yetirdiklərini, onlar olmasa bu cür problemlərin daha çox ola biləcəyini diqqətə çatdırsınlar. İstənilən halda Azərbaycan heç bir halda güzəştə getməməli, ermənilərin ərazini tərk etməsinə nail olmalıdır. Bunun üçün ilk növbədə Rusiya sülhməramlılarının öz vəzifə borclarını yerinə yetirmələrinə nail olmalıyıq. Bu yöndə ləngimə baş verərsə, Azərbaycan hərəkətə keçməli, öz ərazisində qanun və qaydanı istənilən vasitə, o cümlədən güc tətbiqi ilə bərpa etməlidir”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”