19 May 2024

“Yeni qanunun qəbulu partiyaların həyatında mühüm rol oynayacaq”

Dövlət kimi partiyaların da proqram və konsepsiyalarının yenilənməsini zəruri edir

Milli Məclisdə parlamentdə təmsil olunan və təmsil olunmayan əksər siyasi partiya nümayəndələrinin müraciəti əsasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması, rəy, təklif və tövsiyyələrin göndərilməsinin ardından geniş ictimai müzakirələr davam etməkdədir. Yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləmənin noyabrın 4-də keçirilməsi gözlənilir.

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin əhəmiyyəti və zəruriliyi ilə bağlı Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli Aznews.az-a öz fikirlərini açıqlayıb.

O deyib ki, ölkənin siyasi həyatında ən önəmli hadisələrdən biri cari ilin iyul ayından başlayaraq siyasi partiyaların da həyatında mühüm rol oynaya biləcək “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması məsələsi olub.

Politoloq bildirib ki, Milli Məclisdə təmsil olunan və siyasi fəaliyyətdə olan digər əksər partiyalara “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması və təkliflərin göndərilməsi ilə bağlı Milli Məclisin sədri tərəfindən müraciət edildi və qarşılıq olaraq 39 siyasi partiya tərəfindən qanun layihəsinə dair parlamentə təkliflər göndərildi.

Yeni qanun layihəsi ölkəmizin müasir inkişaf reallıqlarına, siyasi islahat və konfiqurasiyaya uyğun və dövrün ictimai-siyasi və hüquqi tələblərinə cavab verən sənəd kimi hazırlanıb və beynəlxalq təcrübəyə əsaslanıb.

Asif Əsgərli oktyabrın 24-də Milli Məclisdə parlamentdə təmsil olunan və dövlət qeydiyyatından keçmiş digər siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmənin keçirildiyini xatırladıb: “Tədbirdə 30-a yaxın partiya təmsilçisi çıxış edərək qanun layihəsi ilə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər”.

Qeyd olunub ki, təqdim edilən yeni qanun partiyaların fəaliyyətinin təkmilləşməsi, funksiya və fəaliyyət dairələrinin genişlənməsi və dinamik hüquqi tənzimlənməsi məqsədi daşıyır. Bu qanunla Azərbaycanın siyasi sistemi və partiyalar institutu öz inkişafının tarixi bir mərhələsinə yekun vurub, yeni siyasi reallıqlara və dəyişikliyə qədəm qoyacaqlar.

Yeni layihədə çoxpartiyalılıq demokratiyanın başlıca göstəricisi kimi təsbit olunub.

Bildirilib ki, qanuni partiya quruculuğu modelinə keçid Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin dövlətimizi və iqtisadi, siyasi müstəqilliyimizi gücləndirən 20 ilə yaxın siyasi rəhbərliyi dövründə yeni hakimiyyət quruculuğu və 2020-ci ildə Vətən müharibəsində parlaq Qələbədən sonar yeni ictimai-siyasi reallıq yaranıb.

Həyatın bütün sahələrində köklü dəyişikliklərə nail olmaq, dövlət kimi partiyaların da proqram və konsepsiyalarının yenilənməsini zəruri edir”.

YAP rəsmisi bildirib ki, ölkədə yeni siyasi kofiqurasiyanın müəyyən olunduğu bir vaxtda “Siyasi partiyalar haqqında” yeni qanunun olması zərurəti yaranıb: “Partiyaların qanunvericiliklə hüquq və rollarının tənzimlənməsinə ehtiyac duyulduğundan geniş müzakirələr olmalıdır. Qeyd etdiyimiz kimi artıq ilkin ictimai dinləmə olub.

Növbəti ictimai dinləmənin sabah – 4 noyabrda keçirilməsi gözlənilir. Təəssüflər olsun ki, bütün bu proseslərdə siyasi partiyalar aktiv iştirak etsədə, Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının rəsmiləri heç bir fəallıq göstərmədilər.

Yalnız və yalnız öz siyasi ampulalarına uyğun social media üzərindən qaragüruhçuluq edirlər. Konkret bir bəndi üzrə deyil, ümumi qanun layihəsinə kölgə salmağa çalışırlar. Əslində, bu kimi addımlar həmin partiyaların rəhbərlərinə xas olan xüsusiyyətdir. Digər partiyalar onlar kimi düşünmürlər.

Hər biri konstruktiv şəkildə qanun layihəsinin hər hansı bəndinə düzəlişlərin olması üçün fikir və təkliflərini irəli sürürlər. Ümumiyyətlə, yeni qanun Azərbaycanda siyasi sistemin həm hüquqi tənzimlənməsini, həmdə siyasi partiyaların fəaliyyətinin, onların cəmiyyətdə rolunun, vəzifələrinin artırılmasını, eləcədə siyasi partiyaların daşıya biləcəyi funksiyaların daha geniş şəkildə şaxələndirilməsini nəzərdə tutur”.