27 İyul 2024

Yeni dövr başlayır

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib.

Andiçmə mərasimində birinci xanım Mehriban Əliyeva, dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları iştirak ediblər.

Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşıladılar.

Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində öz nitqində qeyd etdi ki, 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik.

İndi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub.

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atacağıq. Azərbaycan xalqının həmrəyliyi əsas uğurlarımızdan biridir. İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. Azərbaycanda yaşayan bütün etnik qruplar, bütün xalqlar Azərbaycan Bayrağı altında birləşib. Bu Qələbədə, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var.

Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!

Emilya Rəhimova

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı