27 İyul 2024

Yeni Azərbaycan Partiyasını yeni hədəflərə yönəldən Qurultay

Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının VII qurultayından üç il ötür. Üç ildə ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında baş verən yeniliklərə, əldə olunan uğurlara nəzər salsaq bu fikri böyük əminliklə qeyd edə bilərik ki, möhkəm təməl, gələcəyə hesablanmış strategiya, təkmil islahatlar inkişafın əsasıdır. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası yarandığı gündən ümumxalq partiyası adını qazanaraq daim dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayır. İrəli sürdüyü təşəbbüslərin, qəbul etdiyi qərarların, müəyyənləşdirdiyi hədəflərin təməlində də “Güclü dövlət, yüksək rifah” prinsipi dayanır.

YAP-ın VII qurultayı yeni qərarlarla, struktur dəyişiklikləri ilə və yeni tərkibin formalaşması ilə tarixə yazıldı. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın YAP Sədrinin Birinci müavini vəzifəsinə təyin edilməsi hədəflərə yüksək səviyyədə nail olmağa geniş imkanlar yaradır. Xalqımız tam əmindir ki, dövlət başçısı cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində qalib Azərbaycanımız bundan sonra daha da inamla irəliyə doğru addımlayacaq, möhtəşəm uğurlara imza atacaq. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Yeni Azərbaycan Partiyası ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaranmasında və partiyalararası dialoqun möhkəmlənməsində fəal iştirakı ilə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. 5 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi islahatlar strategiyasının tərkib hissəsi kimi böyük ictimai-siyasi əhəmiyyətə malikdir. VII qurultay istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Nəzərə almaq lazımdır ki, YAP-ın 2018-ci ildə keçirilmiş VI qurultayından ötən vaxtda ölkəmiz üçün əlamətdar və mühüm tarixi hadisələr baş verib. Ölkədə parlament və prezident seçkiləri keçirilib, cəmiyyət həyatının müxtəlif sahələrində ciddi dəyişikliklər olub, yeni siyasi konfiqurasiya yaranıb, Azərbaycan ərazi bütövlüyünü bərpa edib və s. Bu reallıqların fonunda ölkəmizin qarşısında yeni dövrün tələblərinə uyğun çağırışlar yaranırdı. Yaranmış yeni reallıqlar hakim partiyada da islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasını zəruri edib.

Beləliklə, partiyanın VII qurultayının keçirilməsi bu baxımdan müstəsna önəm daşıyıb. Yeni Azərbaycan Partiyası bundan sonra da özünün bütün potensialını müasir, zəngin və qüdrətli Azərbaycanın tərəqqisinə səfərbər edəcək. YAP-ın ümumxalq partiyası olması onu gələcəkdə də aparıcı siyasi qüvvə kimi gücləndirən meyardır. Yarandığı vaxtdan bugünədək qazandığı böyük nailiyyətlər bir daha sübut edir ki, YAP yeni üfüqlərə yol açan, dünənin, bu günün və gələcəyin partiyasıdır.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı