20 Aprel 2024

“Yarım qalmış ömrün xatirələri” adlı ədəbi-bədii gecə təşkil edilib-BƏRDƏDƏ

Vətən müharibəsi şəhidi Şövqi İsmayılzadənin doğum günü ilə əlaqədar Bərdə rayon Mədəniyyət Mərkəzində “Yarım qalmış ömrün xatirələri” adlı ədəbi-bədii gecə təşkil edilib. Bərdə rayon Mədəniyyət Mərkəzi və şəhid Fərahim Quliyev adına şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin təşkil etdiyi tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, şəhid ailələri, Bərdə Regional ASAN Xidmət mərkəzi, YAP rayon təşkilatı, Bərdə rayon Gənclərin və İnkişaf Karyera Mərkəzinin əməkdaşları, şəhidin təhsil aldığı 2 nömrəli uşaq musiqi məktəbinin kollektivi və çoxsaylı mədəniyyət işçiləri iştirak edib.

Şəhidin ailə üzvləri və digər çıxış edənlər Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıblar. Bildirilib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad edib. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.Tədbirin davamında şəhid Şövqi İsmayılzadənin təhsil aldığı musiqi məktəbinin kollektivi tərəfindən vətənpərvərlik mövzusunda mahnılar oxunub, şerlər səsləndirilib, Bərdə rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq Teatrının təqdimatında “Yarım qalmış ömrün xatirələri” adlı tamaşa nümayiş etdirilib.

Qeyd edək ki, şəhid Şövqi İsmayılzadə 1996-cı il fevralın 23-də Bərdə rayonunun Bəcirəvan kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Şövqi İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şövqi İsmayılzadə oktyabrın 8-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şövqi İsmayılzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.