27 İyul 2024

YAP Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib

“Heydər Əliyev İli” çərçivəsində sentyabrın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib.

Ağstafa rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə YAP-ın Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayon təşkilatlarının üzvü olan fəal gənclər iştirak ediblər.

Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub və Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. O vurğulayıb ki, Vətəninə, xalqına sədaqətlə xidmət edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın keçmişini yaşadan və gələcəyini müəyyən edən müdrik dövlət xadimidir. Azərbaycan gənclərinin əsl vətəndaş kimi formalaşmasında Heydər Əliyevin danılmaz əməyi və misilsiz xidmətləri var.

Sonra çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə ölkəmizin gələcək inkişafında gənclərin rolunu vurğulayıb. O qeyd edib ki, gənclər ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla getməlidir. Çünki bu yolun alternativi yoxdur. A.Rəhimzadə bildirib ki, millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip kimi qəbul edən Ümummilli Lider bugünkü müstəqil Azərbaycanın banisidir. Ulu Öndərimizin həyatı daim mübarizələrdə keçib və bu mübarizələrdə qalib gəlib. Ona görə də Ulu Öndərimizin həyat və fəaliyyəti gənclərimiz üçün nümunədir.

A.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev bu gün Heydər Əliyev yolunu uğurla davam etdirir: “Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan gəncliyinə qayğı ilə yanaşıb, gənclərin inkişafını xüsusi diqqət mərkəzində saxlayıb. Gənclərimiz Heydər Əliyevin zəngin irsini dərindən öyrənməli, Ulu Öndərin ideyalarına həmişə sadiq olmalıdırlar”.

YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə çıxışında bildirib ki, ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına həsr edib. Onun sözlərinə görə, Heydər Əliyevin zəngin irsi bugünkü uğurlarımızı şərtləndirir.  D.Seyidzadə qeyd edib ki, belə görüşlərin keçirilməsində məqsəd dahi şəxsiyyət Heydər Əliyevin əbədiyaşar ideyalarının gənclərə aşılanmasıdır. Çünki Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dövlət müstəqilliyimiz məhz Ümummilli Liderin qətiyyəti, zəngin təcrübəsi, güclü iradəsi, xalqına bağlılığı sayəsində əbədi xarakter almışdır. O, gəncləri Heydər Əliyevin zəngin irsini dərindən öyrənməyə çağırıb.

Daha sonra görüş diskussiya şəraitində davam edib, gənclərin sualları cavablandırılıb.