22 Noyabr 2024

YAP Bərdə rayon təşkilatının fəalları Bərdə Tarix-diyarşünaslıq muzeyində olmuşlar.

18 May Muzeylər Günü ilə əlaqədar olaraq YAP Bərdə rayon təşkilatının fəalları qazi və şəhid ailələri ilə birlikdə Bərdə Tarix və diyarşünaslıq muzeyində olmuşlar. 2009-cu ildə açılışında ölkə Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın iştirak etdiyi rayon Tarix diyarşünaslıq muzeyinin  eksponatlarının hər zaman artırılmasını diqqət mərkəzində saxlayan muzeyin əməkdaşlarının işi təqdir olundu. Xüsusilə, Vətən müharibəsi dövrünün şəhidlərinin geyim və başqa əşyalarının eksponat kimi xüsusi bir guşədə yer alması ziyarətçilərin rəğbətinə səbəb oldu.

Muzeydə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək muzeyin kollektivini bu bayram münasibətilə təbrik etmiş, milli mənəvi və tarixi dəyərlərimizin qorunub yaşadılmasında Muzeylərin əhəmiyyətindən danışmış, 500 il paytaxt şəhər olmuş Bərdənin qədim abidələrinin ayrıca bir muzey olduğunu xüsusi vurğulamışdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şəhidlərimizin qanı-canı bahasına işğaldan azad etdikləri qədim torpaqlarımızın erməni vandalları tərəfindən dağıdılması nəticəsində necə viran qoyduqlarını diqqətə çatdırmışdır.  

Muzeyin direktor əvəzi Mehriban Əliyeva  və əməkdaşı Könül Əliyeva çıxış edərək Muzeylər gününün tariximizin qədimliyinin və zənginliyinin bir daha xatırlanması nöqteyi nəzərindən böyük  əhəmiyyətə malik olduğunu önə çəkmişdir.

“Azərbaycan Bayrağı” ordenli şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova şəhidlər üçün guşə yaratdıqlarına görə şəhid ailələri adından Muzeyin əməkdaşlarına təşəkkür  etmişdir.

Sonda YAP Bərdə rayon təşkilatı fəalları və şəhid ailələri Muzeyin kollektivi ilə birlikdə xatirə şəkli çəkdirmişlər.