27 İyul 2024

Xocalı silinməyəcək qan yaddaşımızdır

Qürur hissi ilə deyə bilərik ki, 30 ilə yaxın bir müddət ərzində erməni işğalında qalan torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan ordusunun sücaəti və qahrəmanlığı sayəsində Azərbaycanın haqq davası olan 44 günlük Vətən Müharibəsi zamanı işğaldan azad olundu və tarixi ədalət bərpa olundu.

Azərbaycan xalqı öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Prezident İlham Əliyevin dediyi kimi “Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi”.

Şanlı Vətən müharibəsində qisası alınan Xocalı bu gün özünün yeni dövrünü yaşayır və Prezident İlham Əliyevin Xocalı soyqırımının 32-ci ildönümdə azad Xocalıda şəhidlərimizi yad etməsi isə qürurverici tarixi hadisə idi. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın dünyaya ünvanladığı “Xocalıya ədalət!” çağırışı təəssüflər olsun ki, cavabsız qaldı. Bu gün dövlətimizin gərgin səylərinin nəticəsi olaraq 18 ölkə bu qanlı faciəni soyqırımı kimi tanısa da, bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Həmçinin əksər beynəlxalq təşkilatlar da bu faciəyə biganə qalmışlar. Halbuki, Azərbaycan dövləti də, ictimai təşkilatlar da, xaricdə yaşayan soydaşlarımız da Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişlər. Əlbəttə ki, bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd olunmalıdır. Məhz Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində bir çox tədbirlər, təqdimatlar həyata keçirilmiş, kitablar, məqalələr dərc edilmiş, sərgilər təşkil olunmuşdur. Lakin o illərdə də, bu gün də ermənilərin xarici ölkələrdə olan riyakar himayədarları bu qanlı faciəni törətmiş cinayətkarların cəzasız qalmaları üçün əllərindən gələni edirlər. Buna görə də Azərbaycan sonda ədaləti özü bərpa etməli oldu. İkinci Qarabağ müharibəsi nəticəsində 30 il işğal altında olan torpaqlarımızın böyük hissəsi azad edildi, işğal altında qalan digər ərazilər isə keçən ilin sentyabr ayında düşməndən tamamilə təmizləndi.

Qeyd edək ki, Möhtərəm dövlət başçımız öz çıxışında birmənalı olaraq bildirdi ki, Xocalısız, Xankəndisiz Azərbaycanın qələbəsi heç zaman tam sayıla bilməzdi. Çünki Xocalı faciəsi Azərbaycan xalqının qəlbində o qədər böyük yaralar salıb ki, bu şəhər azad olunmadan biz sakitləşə bilməzdik. Nəhayət, 2023-cü il oktyabrın 15-də Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xocalıda Azərbaycan Bayrağını qaldırdı. Bu, erməni faşizminin və separatizminin Azərbaycan torpaqlarında bundan sonra bir daha baş qaldıra bilməyəcəyinə dair bütün dünyaya göndərilən bir mesaj oldu.

Ən əsası, artıq Xocalıda da işğaldan azad edilmiş bütün digər ərazilərimizdə olduğu kimi, möhtəşəm abadlıq-quruculuq işləri böyük vüsətlə həyata keçirilir. Azərbaycan xalqı öz torpaqlarına əbədi qayıdıb və bu reallığı artıq heç bir qüvvə dəyişə bilməz.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı