19 Aprel 2024

Xəzər dənizinin ekoloji tarazlığı niyə pozulur – bioresurslar təhlükədə!

Telman Zeynalov: “Azərbaycanlı alimləri “öldürürlər””

“Xəzərdə brakonyerlərin də sayı kəskin artıb”

Son illərdə Xəzər dənizində suyun azalması, geri çəkilməsi müşahidə olunur. Bəzi ekspertlər bunu yağıntıların azlığı, dənizə axan çaylarda suyun qıtlığı ilə əlaqələndirir.

Bu problem Xəzərin təkcə Azərbaycana aid hissəsində deyil, bütövlükdə dənizdə müşahidə olunur.

Xəzərdə suyun səviyyəsinin azalması “MAEK” MMC-nin işinə mənfi təsir göstərə bilər.

Qazaxıstan mediası yazır ki, bu barədə müəssisədən məlumat verilib.

Su kanalının donması Xəzər dənizində suyun səviyyəsinin azalması ilə bağlıdır. Yanvarın 14-də İES-1 və İES-2-nin suqəbuledici kanallarında suyun səviyyəsində azalma qeydə alınıb. Bu günə kimi “MAEK” MMC tərəfindən müəssisənin normal fəaliyyətini təmin etmək üçün bir sıra əməliyyat tədbirləri həyata keçirilib.

Yanvarın 16-da elektrik stansiyasının işçiləri Mangistau Fövqəladə Hallar Departamenti və Aktau şəhərinin əlaqədar strukturları ilə birlikdə İES-in suqəbuledici kanalının istiləşməsi üçün tədbirlər görürlər. İsti suyun verilməsinə 11 sudaşıyıcı və üç ədəd yanğınsöndürmə texnikası cəlb olunub.

“Mövcud vəziyyətin əsas səbəbi Xəzər dənizinin səviyyəsinin aşağı düşməsidir. Suyun azaldılmasının kritik səviyyəsi elektrik avadanlıqlarının texnoloji proseslərinə ciddi təsir göstərə bilər. Manqistau Enerji Zavodunun istehsal etdiyi bütün növ enerjidaşıyıcıları, o cümlədən duzsuzlaşdırma kompleksi risk altındadır.

Bu günə kimi biz texnoloji avadanlıqların məhdudlaşdırılması ilə bağlı operativ işlər aparır, müəssisənin normal fəaliyyətini təmin etmək üçün bütün tədbirləri görürük. Bu gün görülən birgə işlər sayəsində səhər saatlarında 0,5 metr olsa da, kanalda suyun səviyyəsi iki metrə qədər qalxıb”, – “MAEK” MMC-nin Təmir və İstismar Departamentinin direktoru Aleksey Smolenski bildirib.

Qeyd edək ki, 2 il öncə Xəzərdə suyun geri çəkilməsi səbəbindən Sumqayıtda elektrik stansiyasının soyutma sistemində problem yaranmışdı və bu qurğu 500 metrədək dənizin içinə doğru yenidən quruldu.

Bu tipli qurğuların əksərində problemlər yarana bilər.

Xəzərdə suyun azalması həmçinin bioresursların, xüsusilə dənizin spesifik balıqlarının – kütüm, nərə və s. – azalmasına, kütləvi məhvinə gətirib çıxara bilər.

Ekoloq: “Badamdardakı sürüşmənin qarşısını almaq olar” - 17.10.2018,  Sputnik Azərbaycan

Ekoloq Telman Zeynalov “Yeni Müsavat”a bildirdi ki, suyun çəkilməsi iqlimlə əlaqədardır. Onun sözlərinə görə, Rusiyada iqlim quraqlıq olmadığı, qar və yağış  yağdığı üçün Xəzərin suyu o qədər də çəkilmir: “Azərbaycanda isə iqlim son 10 ildə quraq keçib. Bu səbəbdən Kür və Araz çaylarından su axını azalıb. Xəzərin tarixi problemi var: həm qalxır, həm də enir. Bu günə qədər heç kim bunun səbəbini araşdırmağa çalışmayıb. Heç kimin öyrənməyə niyyəti yoxdur. Kimin ağlına nə gəlir, onu da yazır. Biz xarici mütəxəssisləri dəvət etməyə öyrəşmişik. Öz mütəxəssislərimizə pul vermək lazımdır. Buradakı alimləri “öldürürlər”. Mən də aliməm. Mənə heç kim müraciət etmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu yaxınlarda Xəzər dənizi ilə əlaqədar nümayəndə gətirdib. O nə bilir ki, Xəzərin suyu azalır, ya yox? Azərbaycanlı alimləri cəlb etmək istəmirlər”.

T.Zeynalov aqrar sahənin inkişafına, bununla əlaqədar olaraq suya tələbatın artmasına da diqqət çəkdi. O bildirdi ki, Xəzərə ən çox Volqa çayından su daxil olur: “Rusiyanın kənd təsərrüfatı, enerji ilə əlaqədar problemləri var. Buna görə Volqanın da suyu azalır.  Həmçinin qeyd edim ki, Xəzərdə brakonyerlərin sayı kəskin artıb. Nərə balıqları kürünü Kür çayında tökür. Ancaq proses əksinə gedir. Xəzərin suyu torpağı şoranlaşdırır. Buna görə də dövlət bənd tikməyə məcburdur. Problemlər çoxdur. Elm sahəsi isə “ölüb””.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə ekoloqun iddiasının əsası olmadığı bildirildi. Qeyd edək ki, nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ovla məşğul olan şəxsləri müəyyən edilmiş ov qaydalarına riayət etməyə çağırıb: “Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasında, Mil-Qarabağ kollektorunda, Şəmkir və Mingəçevir su anbarlarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Araşdırma zamanı brakonyerlərin Ağcabədi rayon sakinləri Adəm Hüseynov və Murad Məmmədov, Xaçmaz rayon sakini Rahim Əliyev, Mingəçevir şəhər sakini Teymur Kərimov, Salyan rayon sakini Cavid Cəfərov, Şirvan şəhər sakini Güləhməd Əhmədov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 444 metr uzunluğunda 25 ədəd sintetik tor götürülüb. Eyni zamanda ayrı-ayrı inzibati rayonların ərazilərində, nəzərdə tutulmayan yerlərdə ov etdiklərinə və qaydaları pozduqlarına görə, Bərdə rayon sakinləri Aqşin Səfərov və Mənsur Babaşov, Bakı şəhər sakini Azad Azadov, Xaçmaz rayon sakinləri Slavik Eyvazov, Arzu Qurbanov və Taleh Sənanoğlu saxlanılıb.Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Ovla məşğul olan şəxsləri müəyyən edilmiş ov qaydalarına riayət etməyə, ovçu məsuliyyəti kimi dəyərləri unutmamağa, balıq ehtiyatlarının artımının qarşısını alan hərəkətlərdən çəkinməyə, qadağan olunmuş ov alətlərindən istifadəyə son qoymağa və sivil qaydalarla ov etməyə  çağırırıq”.

Nigar HƏSƏNLİ