15 İyun 2024

Xarici ölkələrin QHT-ləri Azərbaycanlı həmkarlarının haqq səsinə qoşulub

QHT-lərimiz Vətənpərvərlik və Həmrəylik nümayiş etdirərək Dövlətin və Milli sərvətlərinin yanında olduqlarını göstərirlər

Bu günlər Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri, ekofəalları, gənc könüllüləri və ictimai aktivistləri tarix yazırlar. Dekabrın 12-dən başlayaraq Ermənistanın beynəlxalq cinayətlərinə qarşı Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri Laçın-Xankəndi yolunda etiraz edir. Çoxsaylı qeyri-hökumət təşkilatlarının nümayəndələri Rusiya “sülhməramlı” kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazilərindəki təbii ehtiyatların qanunsuz istismarına və bölgədə yaranmış ekoloji gərginliyə son verilməsi tələbi ilə çıxış edirlər. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.

Məlum olduğu kimi, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya “sülhməramlı” kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.

Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.

Buna görə də Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri və ekofəalları Laçın-Xankəndi yolunda haqlı olaraq aksiya həyata keçirirlər. Bu, aksiyanın obyektivliyini göstərən əsas amildir. Etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır.

Qarabağda Rusiya “sülhməramlılarının” müvəqqəti məsuliyyəti zonasında keçirilən bu etiraz aksiyasının ilk iştiraçılarından bir olaraq qürur hissi keçirirəm. Bu aksiya artıq ümummilli məsələyə çevrilib. Məhz buna görə də aksiyaya toplaşanların sayı gündən-günə artmaqdadır. Artıq etirazçlar 15-ci gecəni də çadırlar da keçirirlər. Aksiya öz möhtəşəmliyi və davamlılığı ilə dünya gündəminə düşüb. Bu, çox önəmli bir irəliləyişdir.

Laçın-Xankəndi yolunda keçirilən aksiyanın özəlliyi Azərbaycan ictimaiyyətinin burada səbr, təmkin və qətiyyət nümayiş etdirməsidir. Bu, həmçinin Azərbaycanda son dövrlər vətəndaş cəmiyyəti və dövlət arasında dialoqun güclənməsinin bariz nümunəsidir.

QHT-lərimiz əsl Vətənpərvərlik və Həmrəylik nümayiş etdirərək Dövlətin və Milli sərvətlərin  yanında olduqlarını göstərirlər. Bunu könüllü və ürəkdən sevə-sevə etmələri xüsusi vurğulanmalı və qiymətləndirilməlidir. Askiayada QHT-lərin ortaya qoyduları ictimai dirəniş, “yumşaq güc” nümayişi və təmənnasız fəaliyyət onların imicini, rol və nüfuzunu daha da artırır. Bir daha aydın oldu ki, QHT-lər dövlət və cəmiyyət üçün vacib bir rol oynayırlar.

Hər zamanki kimi Ermənistan və erməni lobbisi bu aksiya ilə də bağlı dünyaya yalan informasiya yayırlar. Azərbaycanın Xarici İşlər Nazirliyi səviyyəsində buna cavab verilib.Ermənistan hökuməti Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Bu cür bəyanatların Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə ziddir.

Sevindirici haldır ki, bu aksiyaya görə Dünya azərbaycanlıları ilə yanaşı müxtəlif xarici ölkələrin QHT-ləri də ayaqdadır. ADTGT-nin çagırışı ilə Çexiya, Serbiya, Polşa və Bosniya və Hersoqovinadan olan tərəfdaş QHT bəyanat yayaraq, etiraz aksiyasını dəstəklədiklərini və Azərbaycanın əzəli torpağı olan Qarabağda erməni qəsbkarlarının milli sərvətlərimizi talamasını dayandırmağı tələb edirlər.

Eyni zamanda xaricdəki Azərbaycan diasporu da Qarabağdakı etiraz aksiyasını dəstəkləyir. Hətta xarici ölkələrdəki Azərbaycanın yanında olan tərəfdaş əcnəbi QHT rəhbərləri, ölkəmizin dostları bəyanat yayaraq, Azərbaycanın qeyri-hökumət təşkilatları, ekofəallar, könüllülər və media mənsublarının Laçın-Xankəndi yolunda Rusiya “sülhməramlı” kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq keçirdikləri etiraz aksiyasını dəstəklədiklərini bəyan ediblər.

Tərəfdaş xarici QHT-lər həmçinin etiraz aksiyalarını dəstəklədiklərini nümayiş etdirmək məqsədilə müxtəlif sosial media quruluşlarında etiraz və açıqlamalarla çıxış edirlər.

Bununla yanaşı, xaricdəki Azərbaycanlı soydaşlarımız da aksiyaya dəstək nümayiş etdirən mitinqlər təşkil edirlər. Onlar Ermənistan hakimiyyətini 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini icra etməyə çağırırlar. Eyni zamanda erməni lobbisinin aksiya ilə bağlı yalanlarını ifşa etmək üçün KİV-lərə yazılar verirlər. Bütün bunlar bir daha göstərir ki, dünya azərbaycanlıları  ilə yanaşı xarici tərəfdaş QHT-lər də birlik və həmrəylik nümayiş etdirərək QHT-lərimizin haqq səsinə qoşulublar.

                      Asif Əsgərli

Azərbaycan Demokratik Tələbə Gənclər

Təşkilatının sədri, Milli QHT Forumunun

Vitse-prezidenti