22 Aprel 2024

Xankəndidə parçalanma: qondarma “parlament” boykot edildi

“Üç fraksiyanın Milli Məclisin iclasında iştirak etməməsi bu hakimiyyətlərə bu gün Artsaxda baş verən hadisələrin təhlükəli olduğu mesajı idi”.

Musavat.com bildirir ki, bunu erməni mediasına müsahibəsində qondarma qurumun “artsax parlamenti”nin “ədalət” adlı qondarma fraksiyasının rəhbəri David Qalstyan deyib. “Hakimiyyətin qərarları və Milli Assambleyanın bugünkü plenar iclasının gündəliyi hazırda Artsaxda baş verən hadisələri əks etdirmir. İndiki parlament xalqın əhval-ruhiyyəsini əks etdirmir, etimadını qazanmır. Bu gün belə məsələləri müzakirə etmək üçün əlverişsiz bir fürsət idi. Biz göstərdik ki, Artsax sakinlərinin narahatlığına şərikik”, – Qalstyan bildirib.

Erməni mətbuatı yazır ki, fevralın 23-də müxalif siyasi qüvvələr 7-ci çağırış “Artsax Milli Assambleyası”nın 7-ci sessiyasının ilk iclasında iştirakdan imtina ediblər.

Xatırladılır ki, dünən Qarabağ Ədalət Partiyası, ARF-nin Artsaxdakı strukturu və Artsax Demokratik Partiyası respublikadakı vəziyyətlə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, son zamanlar xarici faktorlar kəskin şəkildə güclənib və bunun vasitəsilə “artsax xalqı”nın öz gələcəyi uğrunda mübarizədə iradəsini qırmağa cəhd edilir.

Bu məlumat Qarabağ erməniləri arasında ziddiyyətlərin son həddə çatdığından və uçurumun dərinləşməsindən xəbər verir. Xankəndidə silahlar hər an işə düşə bilər…