Xan yurdundakı plovun ətri + Xarı bülbülün qoxusu və hayların sönməyən Şuşa yanğısı
Ermənistan bu günlərdə Azərbaycanın 90-cı illərini yaşayır. Bəlkə də, elə 1992-ci ilini… O zamanların həm də hakimiyyət mübarizəsi düşmənə və onun arxasındakı güclərə torpaqlarımızı bir-birinin ardınca işğal etməyə fürsət verdi. Nə günlər, nə illər yaşadıq…
Allah eləməmiş, 8 Noyabr Zəfəri olmasaydı, bu gün erməni faşistlər “Dağlarda toy”un Şuşa gününü qeyd edəcəkdilər. Bir gün sonra, 9 mayda da “qələbə günü”ndə Xankəndidə parad keçirəcək, bizi diri-diri öldürəcəkdilər.
Şükürlər olsun günümüzə, bu günlər Şuşada Azərbaycan toyudur, toya-büsata uzaqdan-yaxından gələnlərin sayı bilinmir. On bir ölkənin nümayəndələrinin və Azərbaycanın on bir iqtisadi regionun mətbəx nümunələrinin nümayiş olunduğu Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalı da ilklərdən biri oldu! Mübarəkdir! Kadrları izlədim, başqa bir başqa aləmdir. Xanın yurdunda dəmlənən plovun ətri Xarı bülbülün qoxusuna qarışıb, üzlər-gözlər gülür. Yallı gedənlər arasında əcnəbiləri, üstəlik rəsmi statuslu şəxsləri də görən düşmən yanıb-yaxılır, başına qaynar su ələnmiş vəziyyətdədirlər. “Şuşa ili”ndə hələ nə tədbirlər var. Şuşanın 270 illik yubileyi çərçivəsində düşmənə göz dağı olacaq möhtəşəm işlər qarşıdadır. Yenidən qurulan, dirçələn Şuşamızda!
Amma düşmən yenə də həyasızlıq etməkdədir. Mayın 2-dən başlayaraq, Ermənistanın küçələrinə sahibsiz it kimi sülənənlər Şuşa başda olmaqla, digər ərazilərdən əlini üzüb, Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətində olan Nikol Paşinyanı devirmək niyyətindən əl çəkmirlər. O Paşinyanı ki, dörd il əvvəl, 2018-ci ilin 8 mayında elə bir aylıq küçə etirazlarından sonra sələfi Serj Sərkisyanı devirərək baş nazir kürsüsünə oturan, bir gün sonra isə əvvəlcədən vəd etdiyi kimi, Şuşaya, Xankəndiyə gəlib də, qələbəsini Azərbaycan şəhərlərində qeyd edən adamı! Amma gec də olsa, Nikol az-çox dərk edir reallqları, erməniləri də anlatmağa çalışır ki, 44 günlük müharibənin ilk günlərində savaşın dayandırılmamasının əsas səbəbi Şuşa olub.
Şuşa kimdədirsə, Qarabağ da ondadır reallığı var, ermənilərin bəziləri qanır bu həqiqəti, qanmazlar da az deyil – Daşnak İşxan Saqatelyan kimi… Köçəryan-Sərksiyan cütlüyü də İrəvanın “Fransa” meydanındakı etirazlara qatılır artıq, hesab edirlər ki, Paşinyandan qisas almaq fürsəti yaranıb. Amma bu, təkcə onların öz iradəsinə bağlı oyun deyil. Diqqət edin, bu gün etirazçılar Gümrüyə avtomobil yürüşü edəcəklər, Rusiya üçün həssas nöqtə olan ünvana. Amma Rusiya narahat deyil, hesab edir ki, ermənilərin etiraz etmək hüququ var. Hüquqa baxın e. Niyə Rusiya 102 saylı hərbi hissədəki kontingentinin təhlükəsizliyindən narahat deyil? Səbəb bəlli: etiraz “Soros uşaqları”na qarşıdır, etiraz edənlərsə Rusiyaya “stavka” edənlər. Paşinyana daha bir şok yaşatmaq istəyirlər, bəlkə də sonuncu və ölümcül zərbə! Qarabağ anlaşmalarına yaxın olduğumuz zaman dəfələrlə belə “şokterapiya”lar tətbiq olunub, parlament terrorunadək…
Bütün bu oyunları və təhlükəli ssenariləri nəzərə alıb da, arxayınlaşmamalıyıq. Toy-büsat qurduğumuz bu günlərdə heç şübhəsiz ki, qəhrəman sərhədçilərimiz və igid əsgərlərimizin əli tətikdə, ayıq-sayıqdırlar postda. Necə ki, son günlər Kəlbəcər istiqamətində ən müxtəlif təxribatlara əl atılır, düşmənin cavabı verilir. Ordumuz üçün önəmlisi Vətənin müdafiəsidir, xüsusilə də sülh prosesinin gedişində daha həssas yanaşma zərurətini hər kəs bilir. Ordu rəhbərliyinin tez-tez Kəlbəcər və Laçın bölgəsində olması, sərhədboyunca həyata keçirilən tədbirlər, düşmənin təxribat-diversiya qruplarının Zəngilan istiqamətində zərərsizləşdirilməsi də son günlərin hadisələridir. Azərbaycanı hansısa xarici “bioloji laboratoriyalar”ın məkanı kimi təqdim etmək qədər cəfəng iddiaya əl atan şimal qonşumuz “maşa” ermənilərdən də təzyiq vasitəsi kimi istifadə etməkdədir, fürsət düşən, Ukraynadan başı açılan kimi, bizimlə də “haqq-hesab çəksin”. Odur ki, arxayın olmamalıyıq Brüssel, Moskva, ya Vaşinqtonun moderatorluğu ilə aparılan danışıqlara. Elə Şuşamız 1992-ci ilin 8 mayında danışıqların gedişində, Azərbaycan və Ermənistan rəhbərliyi Tehranda sülhdən danışarkən işğal edilmədimi?!
Bu gün Ermənistan küçələrində Şuşaya, Hadruta “qayıtmaq”la bağlı həyasızcasına çağırış edən, Paşinyanı devirməyə səsləyənlərin başında duran Saqatelyan parlament sədrinin müavinidir, yəni hakimiyyətin bir qolunun təmsilçisi. Təsadüfi deyil. Müxalifət təmsilçiləri olsa da, ermənilərin ümumi maraqlar naminə yeri gələndə ayrı-ayrı səngərlərdə dayanıb, “bir ələ oynadığını” az görməmişik. Bu mənada daşnak İşxanın həm də Paşinyanın “sən işində ol, mənə təzyiq elə” tezisləri əsasında da fəaliyyət göstərdiyini istisna etmək olmaz. Ermənistan “xalq etirazı” görüntüsü yaratmaqla Azərbaycandan nələrsə qopartmaq istəyirlər, əks təqdirdə, Brüsseldə Azərbaycanın 5 şərtinə sözsüz razılıq verən Paşinyan son günlərdə tez-tələsik 6 bəndlik təkliflərini ortaya çıxartmazdı. Açması da budur: “Mən Azərbaycanın şərtlərinə sözsüz əməl edib, sülh sazişini imzalasam, devriləcəyəm”. Unutmayaq, bu, həmin Paşinyandır, Şuşada, indi Üzeyir bəyin heykəli olan məkanda “Yallı” gedən, çaxırdan məst olub, “Qarabağ Ermənistandır. Nöqtə”, deyən. Hakimiyyətə gəlişində çoxumuz inanırdıq ki, müharibə partiyasının üzvü olmayan birisidir, demək Azərbaycanla dil tapmağa çalışacaq. Amma oğlu Aşotu Qarabağ əsgər göndərib də, ermənilərə pis nümunə oldu, hər addımda savaşı tətiklədi, nəticəsi bəlli…
Düşmənin “ipinin üstünə odun yığılası deyil”. Budur, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ermənistan-Türkiyə sərhədinin tənzimlənməsi ilə bağlı ermənilərlə razılaşma var. Çavuşoğlu Ermənistan və Azərbaycan arasında birgə komissiyanın yaradılması barədə razılıq əldə olunduğunu da müsbət asddm kimi xatırladıb. Amma Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan Ermənistan-Türkiyə sərhədinin demarkasiyası ilə bağlı heç bir müzakirə və ya razılaşma olmadığını, belə bir məsələnin gündəmdə olmadığını iddia edib. Ardınca isə Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Eduard Ağacanyan isə iddia edib ki, burada heç bir iş yoxdur, sərhədlər SSRİ dövründə tənzimlənib, yeni xəritə məqsədəuyğun deyil. Görürsünüzmü, bunlar sözlə ifadə olunmayacaq qədər həyasız davranış sərgiləyirlər. Türkiyəyə konstitusiya, gerb səviyyəsində (!) ərazi iddiası irəli sürür, Azərbaycanın 270 yaşlı şəhərinə iddia edir, amma özünü “sülh göyərçini” kini tanıtmağa çalışır. Levon Ter-Petrosyan erməniləri başa salmağa çalışır ki, 2020-ci ildə təslimçi sazişə Paşinyan yox, bütövlükdə Ermənistan imza atıb və əgər növbəti dəfə revanşa cəhd göstərilsə, nəticəsi faciəvi olacaq. Bununla o, Ermənistanın da itirilə biləcəyinə eyham vurur, amma bəlli ünvanlardan təlimat alan hay dəstəsi kirimək bilmir. Hətta “türk” adlandırdıqları Paşinyana təzə ad qoyublar: “İrəvan xanı”. Bunlar belə toplumdur. Petrosyanı vaxtında eşitsəydilər, bəlkə indi Hadrutda rahat yaşayırdılar…
Şübhəsiz ki, asan olmayacaq. Odur ki, tədbirli olmağımızda fayda var…Hətta bu toylu-büsatlı günlərimizdə də sayıqlığımızı itirməməliyik. Necə deyərlər, “plovun boyatı daha ləzzətli olur”. 9 mayda erməni faşistlər “Şuşanın azadlığı günü”nü (?!) keçirəcəklər, yana-yana, tüstülənə-tüstülənə. Qəhrəman Azərbaycan Ordusu düşmənə elə bir od qoyub ki, hələ də yanğısı sönmür.
Şuşa fatehləri var, şəhidlərimizin ruhları şad olsun!
Elşad Paşasoy,
Musavat.com