27 İyul 2024

Xalqın unudulmaz qan yaddaşı

20 Yanvar faciəsi Azərbaycan xalqının unudulmaz qan yaddaşıdır. 34 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir və qan yaddaşımız olan 20 Yanvar faciəsi müstəqil Azərbaycan Respublikasının qurulmasında bir dönüş nöqtəsi oldu.

1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin Sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirilməsi yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən bir cinayət əməli idi.

Qeyd etmək istərdim ki, 1990-cı ilin yanvarında Sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən və faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xalqımızın xilaskarı, Ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Beləliklə məhz, Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi.

Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi.

Azərbaycan dövləti və xalqı öz şəhidlərini unutmur. 20 Yanvar hadisələrin nəticəsində şəhid olmuş ailələrin sosial vəziyyəti daim dövlətin diqqət mərkəzindədir. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Prezidenti İlham Əliyevin dediyi kimi, “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb.

20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində sadəcə kədərli bir hüzn günü kimi deyil, həm də millətimizin qəhrəmanlığını, mübarizliyini, yenilməzliyini əks etdirən bir oyanış günü kimi yaddaşımızda əbədi yaşayacaqdır.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi