22 Noyabr 2024

VTB (Azərbaycan) müştərilərinə dollar və avro ilə əməliyyatları müvəqqəti dayandırmağı tövsiyə etdi

VTB (Azərbaycan) korporativ müştərilərinə – hüquqi şəxslərə dollar və avro ilə hər hansı əməliyyat və hesablaşmalardan müvəqqəti çəkinməyi tövsiyə edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq VTB (Azərbaycan)dan bildiriblər.

Qeyd edilir ki, Bank VTB hazırda yüksək likvidlik və kapital səviyyəsini saxlamaqla əsas maliyyə xidmətlərinin göstərilməsini davam etdirir. Qəbul edilmiş məhdudiyyətlər müştəri vəsaitlərinin təhlükəsizliyinə və saxlanılmasına təsir göstərmir.

“Həm bankın filiallarında, həm də uzaq kanallarda bütün hesablar aktivdir və müştəri vəsaitləri əlçatandır. Həmin vəsaitlərdən Azərbaycan ərazisində bütün əməliyyatları milli valyuta ilə aparmaq üçün əvvəlki kimi tam həcmdə istifadə oluna bilər. Bank müştərilər qarşısında öhdəliklərini yerinə yetirir”, – VTB (Azərbaycan) bildirir.

Bundan əlavə, qeyd olunub ki, ölkə üzrə istənilən bankomat və tərəfdaş banklarda nağd pul çıxarılması mümkündür.

“Hazırda xaricdə olan müştərilərə nağd pul çıxarmaq və ya başqa bankın kartları ilə ödəniş etmək tövsiyə olunur. Tövsiyə edirik ki, ABŞ dolları və avro ilə hər hansı əməliyyat və hesablaşmalardan müvəqqəti çəkinsinlər. Bank yaxın gələcəkdə müştərilərinə alternativ həllər təqdim edəcək”, – VTB-nin Azərbaycan nümayəndəliyindən əlavə ediblər.

Qeyd edək ki, ABŞ Rusiyanın iri banklarına, o cümlədən Sberbank və VTB-yə, həmçinin Rusiyanın siyasi və biznes elitasının bir sıra nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib.