27 İyul 2024

Vitali Kliçko: Kiyevdə müharibədən əvvəlki qədər insan yaşayır

Rusiyanın Ukraynaya qarşı müharibəsindən əvvəl Kiyevdə nə qədər insan yaşayırdısa, bu gün də demək olar ki, o qədər insan yaşayır.

AZƏRTAC xəbər verir ki, bunu Almaniyanın “Spiegel” nəşrinə müsahibəsində Kiyev şəhərinin meri Vitali Kliçko söyləyib.

“Biz nə qədər mobil telefondan istifadə edildiyini hesablayırıq. Müharibədən əvvəl burada 3,8 milyon insan var idi. Martda 1 milyondan az, iyulda 2 – 2,5 milyon, indi 3,6 milyon insan var. Şəhər həddindən artıq doludur”, – deyə Kliçko əlavə edib.

Onun sözlərinə görə, bu gün Kiyevdə Ukraynanın digər regionlarından olan 300 minə yaxın qeydiyyatdan keçmiş insan yaşayır.

Bu il fevralın 24-dən dekabrın 30-dək 5-i uşaq olmaqla, 120 kiyevli müharibə nəticəsində həlak olub. 30-u uşaq olmaqla 495 sakin isə xəsarət alıb.