29 Mart 2024

Vardanyan qərar verdi: Yanvarın 20-dən talon rejimi…

Ermənistandan gələn işıq xəttində kim qəza törədib?

Yanvarın 13-də Xankəndidəki separatçı rejimin “dövlət naziri” Ruben Vardanyanın rəhbərliyi ilə toplantı keçirilib. Erməni mediasının yazdığına görə,  Vardanyan iddia edib ki, bölgədə enerji böhranı yaranıb. Onun dediyinə görə,  yanvarın 9-dan “Azərbaycanın nəzarətində olan ərazidə” qəza baş verib və elektrik enerjisi verilişi kəsilib. Vardanyan deyib ki, guya Azərbaycan tərəfi bərpa işləri aparmaq üçün mütəxəssisləri həmin  əraziyə buraxmır. “Hazırda elektrik enerjisinə olan tələbat yalnız çox məhdud daxili imkanları hesabına ödənilir” deyə, o bildirib.

Vardanyan deyib ki, “əhalinin minimum enerji tələbatını mümkün qədər uzun müddət ərzində ödəməyə imkan verəcək addımlar atmaq lazımdır”. “Dövlət naziri” qısa müddət ərzində enerjiyə qənaət rejiminə keçid və elektrik enerjisi istehlakının maksimum dərəcədə azaldılması ilə bağlı təkliflərin verilməsini tapşırıb. Müəyyən qrup ərzaq məhsulları üçün kupon sisteminin tətbiqi ilə bağlı texniki və təşkilati işlərin gedişi barədə məlumat verilib. Vardanyan deyib ki, yanvarın 20-dən bir sıra əsas məhsullar üzrə kupon sisteminin tətbiqinə başlanılacaq.

Söhbətin hansı ərazidə baş verən qəzadan getdiyini Vardanyan bilərəkdən açıqlamır. Erməni mənbələrinin xəbərinə görə, yanvarın 9-da saat 14.35-də Ermənistandan  Xankəndini və ətraf əraziləri elektriklə təmin edən 110 kV-luq yüksək gərginlikli elektrik xəttinin Gorus hissəsinin 33-cü kilometrliyində qəza baş verib. Azərbaycan ekofəllarının aksiyasının Gorusa nə dəxli? Başqa bir tərəfdən, Rusiya sülhməramlıları bölgəyə yerləşəndən sonra ermənilərin elektrik xətlərini onların texniki heyəti bərpa edib və yeniləyib. Yol blokadada deyil və erməni mütəxəssislər istədikləri vaxt qəza olan əraziyə gedə də bilərlər. Ya da bu işi rusiyalı sülhməramlıları da görə bilərlər.

Görünən odur ki, qəzaya əsas səbəb Ermənistan rəhbərliyi ilə separatçılar arasında artan gərginlikdir. Ermənistan rəhbərliyi qəsdən elektrik xətlərini sıradan çıxararaq, onlara boyun əyməyən Vardanyan “hökumətini” bu yolla cəzalandırır. Vardanyan isə bunu etiraf etmək əvəzinə, erməni xalqını aldadır, günahı Azərbaycanın üzərinə atır…

Talon rejiminə gəlincə, bu da Vardanyanın yeni oyunudur. Çünki onun özü iki gün əvvəl Amerikanın “The American Conservative” jurnalına müsahibəsində ərzaq böhran olduğunu təkzib edib.  Müsahibənin əvvəlində “yeməyimiz, dərmanımız, yanacağımız yoxdur… vəziyyət həqiqətən də ağırdır” deyən milyarder daha sonra kifayət qədər ət və taxıla malik olduqlarını etiraf edir. “Bizim uzun illər ərzaq topladığımız anbarlarımız var. Yaxşı ətimiz və taxılımız var. Yəni əsas qidamız var, aramızda aclıq başlamadı, amma hər şeyimiz yoxdur. Bizdə tərəvəz yoxdur. Uşaqlar normal qida qəbul etmirlər, düzgün qidalanmırlar, bu da onların inkişafı üçün zərərlidir. Təbabətə gəlincə, Qırmızı Xaç bizə müəyyən dərəcədə kömək edir, lakin təbii ki, davam edən problemlərimiz var…” deyə, o bildirib.  

Orxan ƏLİYEV