29 Mart 2024

Xankəndi bu gün: mağazalarda bolluq, əhval qarışıq…

Vardanyan Qarabağdakı erməni “liderləri” sıradan çıxarmaqla əslində, Azərbaycanla mümkün anlaşma bağlarını kəsir, toplumu isə radikallaşdırır

Ekofəalların Laçın yolunda davam edən aksiyası Vitali Balasanyanın “başında çatladı”. Qarabağ ermənilərinin psixologiyasına az-çox bələd olan biri kimi deyim ki, onlar “qıraqdan gələn” təkcə azərbaycanlını deyil, heç ermənini də heç vaxt özlərindən hesab etməyiblər.  Sovet dövrünün əsgərliyində olanlar da yaxşı xatırlayar ki, hərbi hissədə Qarabağ erməniləri Ermənistan erməniləri ilə ya yola getməyiblər, ya da onların “millət davalarına” qarışmamağa çalışıblar. Ermənistan erməniləri onlara güvənməyiblər, fikirləşiblər ki, azərbaycanlıların içərisində yaşayırlar, onların çörəyini yeyib-suyunu içirlər, ciblərində Azərbaycan( SSRİ)pasportu  daşıyırlar.

Çoxları 44 günlük müharibədən sonra Qarabağda əvvəlki cənnət olmayacağının fərqində idilər, amma İrəvan ermənilərinin qınayıcı baxışları, kinayəli sözlərin altında yaşamaqdansa, geri qayıtmağa üstünlük verdilər. Baxmayaraq ki, işğal illərində İrəvan erməniləri ilə daha çox yaxınlaşmışdılar, amma heç vaxt həqiqi “ana-bala” ola bilmədilər.

İndi Ermənistan mediasında vətənpərvərlikləri “qaynasa”da  müharibədəki məğlubiyyətə, indiki vəziyyətə görə Qarabağ ermənilərini daha suçlu bilirlər. Qarabağ erməniləri isə  25 gündür davam edən “blokadanı yara bilmədiyinə görə” İrəvanı günahlandırırlar. “Aravot” nəşrində Aram Abramyan yazır ki, Ermənistan hakimiyyəti ölkəni “Azərbaycanın və Türkiyənin qəzəbindən qorumaq üçün” Qarabağda baş verənlərə seyrçi yanaşır. Yəni Ermənistanda yaşayan ermənilərin taleyini düşünür. Bu erməni toplumunda daxili gərginliyin hansı həddə artdığını göstərir. Yenə deyirəm ki, tarixə nəzər saldıqda bu iki erməni toplumu arasında həmişə gərginlik olub, indi isə daha da dərinləşib. Elə Vardanyan adlı bir müəmmalı tipin Qarabağda yerləşməsi də Xankəndi ermənilərinin təhqiri kimi yozulmalıdır. “Siz bacarmadınız, qoyun Vardanyan nəsə bir iş görsün…”

Vardanyanın gələn kimi Xankəndidə geniş səlahiyyətlər əldə etməsi yerli erməni toplumunun seçimi deyil. Vardanyanın pulu var, ermənilər də fürsət bilib, onu “sağırlar”. Balasanyan Qarabağda kök atmış erməni quldurlarından biridir. Qohum-əqrabası, silahlı dəstəsi vardı. Onun bu gün “siyasi rəhbərlikdən” uzaqlaşdırılmasını asanlıqla həzm etməyəcək kifayət qədər ətrafı da olmamış deyil. İndi o zaman deyil ki, Balasanyan Vardanyanın qərarlarına silahlı üsyan etsin. Çünki özü “haqsız duruma” düşər. Amma  Vardanyana “borclu da qalmayacaq”. Qarabağ erməniləri Azərbaycana asi çıxmadan öncə yaxşı yaşayıblar, xüsusən Xankəndidə. Amma müharibə onların əksəriyyətini müflis edib, bir az imkanı olanları qaçıb gediblər. Araik və Balasanyan kimilər isə qalıblar. İndi də Vardanyanın tabeçiliyi altında qalıb işləməyi özlərinə sığışdırmırlar. Aydındır ki, Araikin də zamanı azalıb. Onu da cəhənnəmə göndərəcəklər.

Bu iki erməni toplumu arasında ziddiyyətlərdən yararlana bilərik, amma burada təhlükəli olan məqamlar da var. Vardanyan Qarabağdakı erməni “liderləri” sıradan çıxarmaqla əslində, Azərbaycanla mümkün anlaşma bağlarını kəsir, toplumu isə radikallaşdırır.

Təfərrüatı yazmayacağam. Amma müharibədən sonra Azərbaycanın yüksək rütbəli   dövlət məmurlarında birinin Qarabağ ətrafında Ermənistan rəhbərliyi ilə təmaslarında Araik də yaxınlıqda olub. Bizim hərbi təmsilçimiz Araiki əli ilə yaxına çağırıb, o da qaça-qaça gəlib, rus dilində salamlaşıb, əmrə müntəzir dayanıb. Vardanyanı xüsusi tapşırıqla Qarabağa yerləşdirənlərin əvvəldən də məqsədi bu idi ki, erməni “liderlərin” reallıqlara boyun əyərək, Bakı ilə mümkün danışıqlara getmələri  əngəllənsin. Vardanyan üzərindən oyunun mənası da budur. Balasanyan son olaraq Qarabağda qanunsuz qazıntılarla bağlı  təmaslarda iştirakçı da olmuşdu, bu barədə yazılmışdı da. Balasanyan Azərbaycana qarşı silahlı müqavimət göstərən qatildir. Araik də onun kimi…Vardanyan özünü bu danışıqlarda mümkün tərəf kimi görürdü, Bakı isə onun üstündən xətt çəkdi. İndi Vardanyana elə bir şərait yaratmaq istəyirlər ki, Xankəndi də ondan başqa “sözü keçən” kimsə qalmasın…

P.S. Sonda Xankəndi blokadası haqda. Bu fotolar erməni nəşrlərində qarşıma çıxdı, bu gün Xankəndidə çəkilib.  Mağazalarda bolluqdur, “blokada” beləmi olur?       

Nazim SABİROĞLU