15 İyun 2024

Umayra Tağıyeva: “Bu gün hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir”

“Soyuq atmosfer cəbhəsi dünən şimal-qərb küləyinin 30 m/s-ə qədər güclənməsindən, temperaturun aşağı düşməsindən tutmuş, ölkə ərazisində qeyri-bərabər paylanmış yağıntılara qədər geniş spektrli hava hadisələri ilə müşayiət olunub”.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva məlumat verib.

Onun sözlərinə görə, dağlıq ərazilərə qar yağıb, Qaxda qar örtüyünün hündürlüyü 15 sm, Şahdağ, Lerik və Şəkidə 3 sm, Altıağac, Quba, Qusar və Daşkəsəndə 1 sm olub.

“Bu gün yüksək atmosfer təzyiqi (775 mm civə sütunu, normadan xeyli yüksəkdir) fonunda aydın və az buludlu hava şəraiti hökm sürür. Gün ərzində güclü küləyin əsəcəyi gözlənilmir. Havanın temperaturu iqlim normasına uyğundur. Bu gün meteohəssas insanlar üçün xüsusilə əlverişlidir”, – deyə o bildirib.

Milli Hidrometeorologiya Xidmətinin rəhbəri atmosfer proseslərinin sürətlə dəyişdiyini vurğulayıb.

“Sabah Bakıda və ölkənin şərq rayonlarında buludluluğun artacağı, hətta çiskinli yağış yağacağı gözlənilir”, – deyə Umayra Tağıyeva sözlərini yekunlaşdırıb.