21 Fevral 2024

Tərtərdə yeni məktəb binası istifadəyə verilib

Tərtərin Azadqaraqoyunlu kəndində Heydər Əliyev Fondu tərəfindən inşa edilən məktəb binası istifadəyə verilib.

Tərtər rayonunun Azadqaraqoyunlu kəndində 1979-cu ildə inşa olunmuş Şükür Rəhimov adına tam orta məktəbin binası müasir tələblərə cavab vermədiyindən Heydər Əliyev Fondu tərəfindən yeni binanın inşası həyata keçirilib. Sentyabrın 15-də 320 şagird yerlik məktəb binası istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəb binasının açılış mərasimində Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin, Qarabağ Regional Təhsil İdarəsinin, Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi, kənd sakinləri iştirak ediblər. Tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov, Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək, müəllim, şagird və valideynləri yeni tədris ilinin başlanması və təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahədə gördüyü ardıcıl tədbirlərdən danışıblar.

Tədbirdə məktəbin direktoru Yeganə Mehtiyeva, X sinif şagirdi Sevinc Məmmədli, kənd ağsaqqalı Arif Hüseynov, qazı Sadiq Abbaslı da çıxış edib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində görülən işlər ölkədə təhsil strategiyasının uğurla həyata keçirilməsinə, bu sahənin effektiv idarə olunmasına, təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlərin əldə edilməsinə istiqamətlənib.

Məktəbin tikintisində əməyi olanlara fəxri fərman verilib. Sonra tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.

Üçmərtəbəli 2 korpuslu yeni təhsil ocağında tədris üçün zəruri şərait qurulub. Buradakı bütün fənn otaqları və laboratoriyalar mebel və avadanlıqlarla, əyani vəsaitlərlə təchiz edilib. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.