“TDT platforması Türk dövlətləri üçün yeni imkanlar yaradacaq” – ŞƏRH
Zaur İbrahimli: “TDT platforması Azərbaycana qarşı ədalətsiz mövqeyin, hücumların əslində gələcəkdə bütün Türk dövlətlərinin maraqlarına zidd olduğunu və rəsmi Bakının daha geniş coğrafiyada sülh və sabitlik üçün çalışdığını bəyan etməyə imkan verir”
Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün bir çox aspektlərlə yanaşı, başlıca olaraq qlobal müstəvidə baş verən proseslər kontekstində təhlili vacibdir. İlk növbədə, TDT-nin son illər dünyanın siyasi sistemində önəmli bir platformaya çevrilmək, siyasi həmrəyliyi, ticari və iqtisadi əməkdaşlığı gücləndirmək strategiyasının həyata keçirilməsi ilə bağlı daha əməli addımların atılmasının sürətləndirilməsinə qərar verildiyini vurğulamaq olar. Bunu şərtləndirən əsas amil dünyada qeyri-müəyyənliyin artması, böyük dövlət arasında rəqabətin açıq qarşıdurma mərhələsinə keçməsi, silahlı münaqişələrin coğrafiyasının genişlənməsinə zəminlərin yaranmasıdır.
Bunu “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli deyib.
O bildirib ki, belə bir şəraitdə, qlobal təhlükəsizlik arxitekturasının hər keçən gün zəiflədiyi vaxtda regional ittifaqlar, regional təhlükəsizlik və əməkdaşlıq formatları ön plana çıxır. Böyük dövlətlər arasında rəqabətin açıq qarşıdurma mərhələsinə keçməsi kiçik ölkələr, qonşu regionlar üçün böyük risklər və təzyiqlər yaradır. Bütün bunların qarşısını almaq üçün regional kooperasiya və əməkdaşlıq, blok və ittifaqların yaradılması ən optimal çıxış yoludur. Məhz bu səbəblər, zəminlər TDT-nin güclənməsi, qarşılıqlı yardım və birgə addımlar atılması mexanizmlərinin təkmilləşdirilməsini şərtləndirir. TDT-nin Fövqəladə Zirvəsinin məhz Azərbaycanın, Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutması rəsmi Bakının sürətlə dəyişən dünyada yeni şərtlərə uyğun strategiyalar irəli sürmək, milli, regional və qlobal maraqlarda tarazlıq yaratmaqda uğurlu təcrübəsindən irəli gəlir. Bu baxımdan TDT-nin Fövqəladə Zirvəsində Türk dövlətlərini narahat edən problemlərin həlli ilə bağlı, mövcud və potensial təhdidlərə qarşı birgə çıxış etmək imkanların gücləndirilməsi sahəsində praktiki addımların atılmasında mühüm rol oynayacaq.
“TDT-nin Mülki Müdafiə Mexanizminin, Türk İnvestisiya Fondunun yaradılmasını ilk əməli addımlar kimi dəyərləndirmək lazımdır. Hər iki təşəbbüs TDT üzvlərinin birgə əməkdaşlıq, kollektiv səylər göstərmək sahəsində potensialını gücləndirəcək və kömək edəcək. Mülki Müdafiə Mexanizminin yaradılması gələcəkdə təhlükəsizlik məsələlərinin həlli üçün çevik hərbi təyinatlı təsisatların yaradılması yolunda ilk əhəmiyyətli, əməli addım kimi xüsusi əhəmiyyətə malikdir.
TDT-nin gücləndirilməsi, birgə əməkdaşlıq və kollektiv hərəkət mexanizmlərinin yaradılmasında Prezident İlham Əliyevin təcrübəli, etibara, etimada malik siyasi lider kimi rolu xüsusi vurğulanmalıdır. Təsadüfi deyil ki, Azərbaycan və Prezident İlham Əliyev Türk dünyası üçün xarakterik olan təhlükələr, problemlərin birgə müzakirəsi və birgə səylərin göstərilməsində hər zaman təşəbbüskar ölkə olub. Azərbaycanın həyata keçirdiyi transmilli layihələr Türk dövlətlərinin əməkdaşlığının ilk uğurlu nümunələri kimi tarixə düşüb. Azərbaycan və Türkiyənin imzaladığı Şuşa Bəyannaməsi, Bakı ilə Ankaranın hərbi-strateji əməkdaşlığı isə TDT-nin digər üzvləri üçün yol xəritəsini təşkil edib”, – deyə Z.İbrahimli diqqətə çatdırıb.
İctimai Birliyin sədri bildirib ki, Prezident İlham Əliyev TDT platformasından Azərbaycanın strateji təşəbbüslərinin həyata keçirilməsi və ölkəmizin üzləşdiyi ədalətsizliklərin, çətinliklərin aradan qaldırılması baxımından da məharətlə istifadə edir. TDT platforması Azərbaycana qarşı ədalətsiz mövqeyin, hücumların əslində gələcəkdə bütün Türk dövlətlərinin maraqlarına zidd olduğunu və rəsmi Bakının daha geniş coğrafiyada sülh və sabitlik üçün çalışdığını bəyan etməyə imkan verir. Prezident İlham Əliyev milli və ümumi maraqları uzlaşdırır, Türk dövlətləri üçün yeni imkanlar yaradacaq təşəbbüslərlə çıxış edir. Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü bunu bir daha nümayiş etdirdi.