16 İyun 2024

Tatarıstanda aeroportlar bağlandı; Müəssisələr boşaldılır – SƏBƏB

Tatarıstanın Kazan və Nijnekamsk hava limanları pilotsuz təyyarələrin hücumu ilə əlaqədar uçuşların təhlükəsizliyini təmin etmək üçün fəaliyyətini müvəqqəti dayandırıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artem Korenyako özünün Telegram kanalında məlumat açıqlayıb.

Onun sözlərinə görə, hər iki aeroportda təyyarələrin qəbulu və yola salınması müvəqqəti olaraq dayandırılır: “Uçuşların təhlükəsizliyini təmin etmək üçün hava gəmilərinin ekipajları, dispetçerlər və hava limanının xidmətləri bütün lazımi tədbirləri görür”.

“Baza” Telegram kanalı qeyd edir ki, Nijnekamsk səmasında iki pilotsuz təyyarə aşkarlanıb, onlardan biri hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Shot kanalının yaydığı məlumata görə, bölgədə müəssisə işçilərinin kütləvi təxliyəsinə başlanılıb. “Nijnekamskuqlerod”, “Orqsintez”, “Nijnekamskshina”, “Taif-NK”, “Taneco” və “Nijnekamskneftexim” şirkətlərinin işçiləri işlərini tərk ediblər. İstilik Elektrik Stansiyası işçiləri də təxliyə edilib.