22 Noyabr 2024

Şuşa dünya azərbaycanlılarına qucaq açacaq

Tarixi Azərbaycan torpağı olan Şuşa mədəni ənənələrini bərpa edir. Artıq ötən il şəhərdə “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri keçirilib. Azərbaycan Milli Məclisinin “Şuşa İli”nə töhfəsi olaraq Şuşada  parlamentin komitə iclaslarının keçirilməsinə başlanılıb.

Bu il Şuşa daha bir mötəbər tədbirə ev sahibliyi edəcək. Beləliklə, Dünya Azərbaycanlılarının V qurultayı Azərbaycanın mədəniyyət paytaxtında keçiriləcək. Soydaşlarımızın bu ali məclisinin məhz Şuşada keçirilməsi təkcə milli-mənəvi deyil, həm də siyasi, iqtisadi, hərbi və diplomatik əhəmiyyət kəsb edəcəkdir.

Onu da qeyd edək ki, Dünya Azərbaycanlılarının V qurultayının keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştira­kı gözlənilən qurultayın gündəliyinin daha zəngin olduğunu göstərir. Təbii ki, bütün bunlar xaricdə yaşayan soydaşlarımızın Azərbaycanın yarat­dığı yeni reallıqlarla daha yaxından tanış olmalarına şərait yaradacaq. Son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad edilməsindən sonra ilk böyük görüşü olacaq.

Diaspor quruculuğu Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olmuşdur. O, özünün bir sıra çıxışlarında, eləcə də Dünya Azərbaycanlılarının qurultay­larında diaspor təşkilatları, onların fəaliyyətinin əsas istiqamətləri ilə bağlı baxışlarını ifadə edib. Dövlət başçısının təşəbbüsü ilə 2003-cü ildən sonra Azərbaycan və türk diasporları­nın birləşdirilməsi istiqamətində ciddi addımlar atılıb. Məhz bu birləşmədən sonra Azərbaycan diasporu daha da güclənməyə, dünyada, xüsusən Qərb ölkələrində geniş yayılmış saxta və qondarma erməni təbliğatına ağır zərbə vurmağa başlayıb.

2008-ci il dekabrın 19-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantısında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edildi. Beləliklə, dövlətimizin uğurlu dias­por siyasəti nəticəsində xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması özünün yeni mərhələsinə qədəm qoydu. İndi soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alın­masında qətiyyət nümayiş etdirirlər. Hazırda dünyanın əksər ölkələrində Azərbaycan icmaları üçrəngli bay­rağımız altında fəaliyyət göstərir. Azərbaycanlı gənclərin xarici ölkələrdə təşkilatlanması, onların diaspor hərəkatındakı iştirakı da uğurla gedir.

Diasporun uğurla təşkilatlanmasının nəticəsi olaraq son 4 ildə 31 ölkəni əhatə edən 14 Koordina­siya Şurası yaradılıb, 12 ölkənin 18 şəhərində – Tallin, Varşava, Budapest, Brüssel, Zalsburq, Barselona, Köln, Berlin, Münhen, Kiyev, Odessa, Ankara, İğdır, Qahirə, Saloniki, Tbilisi, Marneuli və Qardabani şəhərlərində Azərbaycan evləri açılıb.

Diaspor təşkilatlarımızın Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində müsbət addım­larını da qeyd etməliyik. 44 günlük Vətən müharibəsi dövründə bu təşkilatlar dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirdi, bu aksiyalarda, ümumilikdə, 25 mindən çox soydaşımız və dost xalqla­rın nümayəndələri iştirak etdi. Bununla yanaşı, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərdi.

Dünya azərbaycanlıları bu dəfə Şuşaya toplaşacaq. Ona görə bu tədbirin böyük rəmzi mənası var. Çünki Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, düşünülmüş və qətiyyətli siyasəti sayəsində torpaqlarımızın işğaldan azad olunması bu reallığı mümkün etdi.