27 İyul 2024

Sözü və əməli bir olan Prezident İlham Əliyev

Nadir şəxsiyyətlərdən biri, müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinin qısa təhlili belə bu fikrin təxmin deyil, qəti qənaət olduğunu sübut edir.

Ümummilli Liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar. Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.

“Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir. Çünki şəffaflıq olmadan biz heç bir islahatı apara bilmərik və nə iqtisadi, nə siyasi cəhətdən ölkə sürətlə inkişaf edə bilməz”, – deyən Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlarla dövlət strukturları arasında bürokratik maneələrin aradan qaldırılması üçün aparılan islahatlar çərçivəsində innovativ addım atdı. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına tarixi faktlar və dəlillərlə cavablandırmışdır.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini