22 Noyabr 2024

“Sirli abidələr”

Masallı Tarix-Diyarşünaslıq Muzeyində Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı sayəsində baş tutun tədbir 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuşdu.   “Sirli Abidələr” adlı bu  tədbirdə adıçəkilən müəssisələrin , Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidməti üzrə Salyan  Regional İdarəsinin Masallı rayon Şöbəsinin əməkdaşları, Gənclər İnkişaf Karyera Mərkəzinin(GİKM) üzvləri iştirak edirdilər.
Əvvəlcə   İkinci Qarabağ müharibəsində Vətənin azadlığı uğrunda canını qurban verən oğulların  əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.

Tədbirin açılışını edən Muzeyin direktoru, Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva bildirdi: “Tarixi abidələrin qorunması və gələcək  nəsillərə çatdırmaq istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva böyük işlər həyata keçirirlər. Ölkə başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizə və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində bir sıra layihələr icra olunur. Bütün bunlar Azərbaycanın qlobal dünyada öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasının  təminidir.” 

Muzeyin əməkdaşı Çingiz Qurbanov “Sirli abidələr” adlı məruzə ilə çıxış etdi. O,  dünya əhəmiyyətli abidələrlə yanaşı, ölkəmizin tarixi əhəmiyyətli abidələri barədə  geniş məlumat verdi. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Masallı rayon Şöbəsinin abidələrin mühafizəçisi Samir Mirzəyev  isə işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərinin mühüm bir istiqamətini dağıntılara məruz qalan tarixi- memarlıq komplekslərinin bərpa və konservasiyası, bölgədəki bütün abidələrin aşkar edilərək qeydiyyata alınması haqqında  danışdı.

 Daha sonra söz alan  Qalereyanın direktor vəzifəsini müvəqqəti icra edən Təhmasib Məcidov  dedi: – Abidələrin,  tarixi yerlərin dağıdılması xalqın, millətin varlığını məhvə doğru aparır.  Tarixi irsimizi,  millətin əsrlərdən gələn dəyərlərini gənc nəslə sevdirmək, şagird və tələbələrin bu sahəyə aid bilgilərini artırmaq  indiki zamanda ən vacib məsələdir. Bu gün mədəni irsimizin qoruyub saxlanılması, gələcək nəsillərə çatdırması işinin düzgün təşkilinin üzərimizə düşən məsuliyyəti dərk etməliyik.

Tədbirdə  xatirə şəkilləri  də çəkildi.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü