27 İyul 2024

Sinan Oğan siyasi lider kimi Türkiyənin gündəminə daxil olub

“Sinan Oğanla tanışlığım 1991-ci ildən başlayıb. Məlumdur ki, Azərbaycanda çalışıb. Türk dünyasını, Azərbaycanı çox sevir”.

Bunu Musavat.com-a Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov deyib.

cingiz.png (264 KB)

Ç.Bayramov bildirib ki, Sinan Oğan Millətçi Hərəkat Partiyasından millət vəkili seçildiyi dövrdə Türkiyədə onun haqqında anlaşılmazlıq yaranmışdı. İB sədrinin sözlərinə görə, partiyada elə bir fikir var idi ki, lider, ideologiya, təşkilatlar müzakirə olunmaz: “Bu səbəbə görə Sinan Oğan partiyadan xaric edildi. O, siyasi lider kimi Türkiyənin gündəminə daxil olub. 85 milyonluq əhalinin 5%-nin səsini qazanmaq ciddi nəticədir. Hesab edirəm ki, Türkiyədə ikinci turda prezident seçilmək istəyən Ərdoğan və Kılıçdaroğlu Sinan Oğanın səslərini almaq üçün onunla müzakirə keçirəcək”.

Çingiz Bayramov xatırladıb ki, Kılıçdaroğlu “Türk yolu” layihəsindən bəhs edərkən Azərbaycanı qeyd etməyərək İran üzərindən keçəcəyini açıqlamışdı, bu isə türkçülüyü sevən hər kəsi hiddətləndirmişdi: “Ölkə başçısı da bildirdi ki, Azərbaycanı strateji layihələrdən kənarda qoymaq istəyənlər var. Onların arzusu ürəyində qalacaq. Sinan Oğan Azərbaycanı və türk dünyasını müdafiə edəcək şəxsdir. Gələcəkdə Türkiyənin gənc və potensiallı lideri kimi ortaya çıxması və Azərbaycanı daha yaxından tanıması müsbət haldır”.

Nigar HƏSƏNLİ,
Musavat.com