27 İyul 2024

Sarsılmaz qardaşlıq və dostluq nümunəsi

Azərbaycan hər zaman qardaş ölkə Türkiyənin yanındadır və ona dəstəkdir

2023-cü il fevralın 6-da qardaş Türkiyədə çoxsaylı insan tələfatına səbəb olan dəhşətli zəlzələ baş vermişdir. Türkiyənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər zaman dəstək olan Azərbaycan təcili olaraq zəlzələnin nəticələrinin aradan qaldırılması üçün qardaş ölkəyə yardım əlini uzatdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüşdür.

Türkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar 7 günlük milli matəm elan edildi. Qardaş Türkiyənin 10 vilayətində baş vermiş bu dəhşətli zəlzələ bütün Türk dünyasını, o cümlədən Azərbaycanı da çox sarsıtdı. Azərbaycan Türkiyənin yanında olduğunu sözdə deyil, əməldə ortaya qoyduğunu bir daha nümayiş etdirdi.

Türkiyəyə öz yardımı və dəstəyini əsirgəməyən Azərbaycan sona qədər bu işi davam etdirəcəyinə söz vermiş və davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir. Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur. İctimai təşkilatlar öz dəstəyini göstərirlər və Heydər Əliyev Fondu artıq bu böyük təşəbbüsə start vermiş, Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar. Bu işdə eyni zamanda özəl təşkilatlar da öz dəstəyini əsirgəmir. Belə ki, onlar artıq fəaliyyətə keçmiş, həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar.

Zəlzələdən sonra Türkiyə dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün əsas məsələdir və Türkiyə bu acı sınaqdan şərəflə çıxacaqdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərlik xilasedici heyəti müvafiq avadanlıqlar ilə bərabər, fevralın 6-da Türkiyəyə yola salınıb. Bundan əlavə, zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə FHN-nin zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı və 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla, 41 nəfərlik heyəti göndərilib. 8 fevral  tarixində Türkiyəyə FHN-nin növbəti humanitar yardımı 13 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsilə yola salınıb. Humanitar yardıma təbii fəlakətdən zərərçəkən insanların yerləşdirilməsi üçün, 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük generator, 8 min geyim dəsti, 20 min cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5 min ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir.

1 həftə keçməsinə baxmayaraq, baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın qardaş Türkiyəyə yardımı və dəstəyi sona qədər davam etdiriləcəkdir. Qardaş Türkiyə bu çətinliyi də aşacaq və bu ağır sınaq Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı