29 Mart 2024

Şəhid Fəqan Ziyadovun həyat hekayəsi: tankçı olub, torpaqlarımızı azad etməyi arzulamışdı

44 günlük müharibə və möhtəşəm qələbə

Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ordumuz sentyabrın 27-də  düşmənə qarşı hərbi əməliyyatlara başladı.Elə ilk gündən də zəfər dolu xəbərlər aldıq. Cəbrayılın ilk kəndlərinin işğaldan azad olunduğunu eşidincə gözümüzdən sevinc yaşları axmışdı. Ondan sonrakı günlərdə isə prezidentin tvitləri üçün darıxmışdıq. Hər gün müzəffər azərbaycan ordusu bir neçə mövqeni, yaşayış məntəqəsini düşməndən təmizləyirdi.Çox keçmədi ki, Şuşa azad edildi. O gün artıq Ermənistan Respublikasının baş naziri ordumuzun zərbələrinə tab gətirməyib, kapitulyasiya bəyənnaməsinə qol çəkdi. Qalib Azərbaycanın diktəsini qəbul edib, üç rayonumuzdan, Ağdam, Kəbəcər, Laşından ordu törtöküntülərini və məskunlşdırdığı əhalini torpaqlarımızdan çıxarılacağını öhdəsinə götürdü. Artıq işğalda qalan rayonumuz yoxdur. Keçmiş Dağlıq qarabağ vilayətinin hüdudlarında isə süverenliyimizin bərpası istiqamətində iş gedir. Uğurlarımızın təməlində isə dayanan bir amil var. O da şəhid qanıdır. O torpaqlara axan qazilərimizin qanıdır. Ali baş komandanın əmrini  layiqincə yerinə yetirən Azərbaycan əsgəri qələbəmizin əsl təminatçısı oldu.

İndi haqqında danışacağımız şəhid Fəqan Ziyadovda vətən torpağını azad eləmək üçün həm qanından, həm də canından keçdi. Qəhrəman şəhidimiz  haqqında reportaj hazırlamaq istəyimizə çatmaq üçün Media 1 xəbər portalı kimi Bərdə rayonunun Mustafaağalı kəndinə yollanırıq. Kəndin yol kənarındakı Azərbaycan, Türkiyə bayraqları hər kəsin qələbə ruhundan xəbər verir. Və biz şəhid Fəqan Ziyadovun doğulub , boya –başa çatdığı ocağa yetişirik. İlk öncə həyət qapısının üzərindən asılmış , dalğalanan Azərbaycan bayrağı ilə salamlaşırıq. Sanki bayrağın da duruşunda özgə əzəmət, başqa əlamət var. Qalib ədasıyla dalğalanır.

Şəhid Fəqan Ziyadovun atası ilə  söhbət edərkən məlum olur ki, görüşdüyümuz gün, dekabrın 20-si şəhidimizin ad günü, həm də şəhadətə yetişməyinin 52-ci günüdür. Şəhid atası Ziyad Ziyadov Fəqanın ömür yolundan danışır.