22 İyun 2024

Rusiya donanması ürəyindən vuruldu! – Putinə BÖYÜK ŞOK

Rusiyanın ilhaq etdiyi Krım yarımadasında Rusiyanın Qara dəniz donanmasının Sevastopoldakı qərargahına raket hücumu həyata keçirilib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı qondarma Sevastopol qubernatoru Mixail Razvocayev sosial şəbəkə hesabında açıqlayıb.

“Düşmən donanma qərargahına raket zərbəsi endirib. Raketin bir parçası Lunaçarski teatrının yanına düşüb. Hadisə yerinə bütün fövqəladə hallar xidmətləri göndərilib. Xəsarət alanlarla bağlı iş davam etdirilir.”- o deyib.

İctimaiyyəti sakitliyə çağıran Razvocayev hadisə yeri ilə bağlı foto və videoların sosial şəbəkələrdə paylaşılmamasını xahiş edib.

O, ikinci açıqlamasında yeni raket hücumunun ola biləcəyi barədə xəbərdarlıq edib, vətəndaşları şəhərin mərkəzinə gəlməməyə və binaları tərk etməməyə çağırıb.

Xarici media hadisəni “Rusiya donanmasının ürəyi vuruldu” kimi şərh edib.

Qeyd edək ki, Rusiya 2014-cü ildə Krımı və Sevastopolu Ukraynadan qanunsuz ilhaq edib.