19 Mart 2024

Regionun sülh, təhlükəsizlik və əməkdaşlıq dövrü

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da öz işinə başlayıb martın 11-də başa çatan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun  müzakirəyə çıxardığı məsələlər, səsləndirilən çağırışlar və onların fonunda formalaşan ümidlər bu gün də diqqət mərkəzindədir. Dünyanın qlobal problemlərinin ölkəmizdə müzakirə olunması Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin təqdimatıdır. Ümumilikdə Azərbaycan iqtisadi, siyasi və humanitar mərkəzə çevrilib. Elə ay, həftə yoxdur ki, paytaxt Bakı beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsin, yaxud Azərbaycan diplomatik uğurları ilə diqqətdə olmasın. Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün ardınca “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun keçirilməsi də bunun bariz nümunəsidir. Hər iki nüfuzlu təşkilatın tədbirinin yüksək səviyyədə keçirilməsi, iştirakçıların sayının ildən-ilə artması bir daha təsdiqlədi ki, Azərbaycanın dünya birliyindəki mövqeyi daha da möhkəmlənir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin bildirdi ki,  necə etməliyik  yeni ümidlər yaradaq və gələcəyə – sabaha baxaq. Bilməliyik ki, səhv və doğru addımlar nədən ibarətdir. Necə etməliyik ki, daha müqavimətli şəkildə irəliyə gedək. Belə bir ümidlə yola çıxaraq müzakirələr aparmaq üçün buraya toplaşdıq.

Qeyd edək ki, “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatıldılar.  Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak etdi. Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə diqqət yönəldildi. Qarşıda duran çağırışların həlli yolları müzakirə olundu, dünyanı sarsıdan münaqişələrə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunuldu, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparıldı. Azərbaycanın koronavirus infeksiyasına qarşı istər daxildə, istərsə də beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlərdən, sülh quruculuğu prosesində ölkəmizin göstərdiyi səylərdən geniş bəhs edən dövlət başçısı İlham Əliyev bildirdi ki, Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Həmin prinsiplər – sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir.

İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşdü, populizmin və ekstremizmin mənbəyini araşdırdı, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirdi. 61 ölkənin Forumda təmsil olunması bu tədbirin miqyasının getdikcə genişlənməsinin göstəricisidir. Qlobal Bakı Forumunun əsas məqsədi də dünyanı narahat edən prioritet məsələlərin müzakirəsidir. Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinin keçirildiyi məkan kimi nüfuz qazanmasında  ölkəmizdə mövcud sabitlik əhəmiyyətli rol oynayır. Azərbaycan sabitləşdirici, birləşdirici aktor kimi dünyanın diqqətindədir. Ölkəmizin bu gün regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh müqaviləsini təklif etməsi və bunun reallığa çevrilməsi istiqamətində səylər göstərməsi də deyilənlərin təsdiqidir. Bu çağırış belə bir ümidə əsas verir ki, Ermənistan tezliklə ona verilən şansı dəyərləndirəcək və regionun sülh, təhlükəsizlik və əməkdaşlıq dövrü başlayacaq.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri