25 Aprel 2024

Regionlarda erkən və qohum nikahlarla mübarizə mövzusunda gənclər üçün seminarlar keçirildi

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən icra olunan “Erkən və qohum nikahlarla mübarizədə region gənclərinin potensialının artırılması” layihəsi çərçivəsində regionlarda gənclər üçün maarifləndirici seminarlara start verilmişdir.

İlk olaraq Ağsu şəhərində Heydər Əliyev Mərkəzində bu rayonun 30 nəfər gənc fəalının, aidiyyətli qurum təmsilçilərinin və yerli nümayəndələrinin iştirakı ilə keçirilən seminarda yeniyetmə və gənclər arasında erkən, qohum nikahların mənfi nəticələri, bunlarla mübarizə və bu istiqamətdə maarfləndirmə fəaliyyətləri haqqında ətraflı fikir mübadilə, geniş müzakirə aparıldı.

Seminarda ADTGT İctimai Birliyinin sədri, ekspert Asif Əsgərli, layihənin rəhbəri, ADTGT İctimai Birliyinin icraçı direktoru Gülnarə Bağırova, Ağsu rayon icra hakimiyyətinin baş məsləhətçisi Cavid Umud, rayon gənclər və idman sektorunun müdiri Azər Kərimli, təhsil sektorunun və digər aidiyyətli qurumların təmsilçiləri iştirak edib bu aktual mövzularda çıxış etdilər.

Seminarda natiqlər regionlarda bu problemlərin qarşısının alınması üçün gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması, möhkəmlənməsi, milli ailə dəyərləri və ənənələrinin təbliğinin əhəmiyyəti vurğuladılar.

ADTGT İctimai Birliyi, layihə rəhbəri və eləcədə Ağsu rayon nümayəndələri bu sahədə maarifləndirmə və mübarizə üçün regionlarda gənclərlə işləyən yerli qurumların, təhsil, gənclər və idman, səhiyyə, hüquq-mühafizə, aidiyyətli təşkilat, qurum və vətəndaş cəmiyyəti təsisatları təmsilçilərinin davamlı əməkdaşlıq və tərəfdaşlığının qurulmasının vacibliyini bildirdilər.  

Seminar iştirakçıları eyni zamanda erkən və qohum nikahlarla mübarizədə dayanıqlı və səmərəli təsir mexanizmləri, ictimai qınaq və müdafiə sistemlərinin, eləcə də mövcud sistemdəki boşluqların yeni vasitələrlə aradan qaldırılması metodlarının hazırlanmasının əhəmiyyətini diqqətə çatdırdılar.

Seminar tədbir iştirakçıların qarşılıqlı müzakirəsi, sual-cavab və fikir mübadiləsi ilə başa çatdı.

    ADTGT İctimai əlaqələr və informasiya  departamenti