Qlobal ərzaq böhranı: Azərbaycan bu təhlükəni necə sovuşduracaq?
Hökumətin ərzaq təhlükəsizliyi və qida təminatı ilə bağlı həyata keçirdiyi genişmiqyaslı tədbirlər, atdığı qabaqlayıcı addımlar sayəsində ölkəmiz bu böhrandan da mümkün qədər az itki ilə çıxacaq
Dünyanın güc mərkəzlərinin “yeni dünya nizamı”nı təsis etməyə çalışdıqları bir vaxtda, kəskin kataklizmlər, hərbi-siyasi böhranların tüğyan etdiyi, maliyyə-iqtisadi, ticari maraqların toqquşduğu dövrdə ərzaq təhlükəsizliyi milli sərhədləri aşaraq getdikcə ümumbəşəri bir problemə çevrilir. Hazırda kəskin iqlim dəyişikliyi-uzunmüddətli quraqlıqlar, təbii fəlakətlər-sel və daşqınlar, torpaqların kütləvi deqradasiyası, eləcə də enerji daşıyıcılarının qiymətlərinin artması, eyni zamanda ixracatçı ölkələrin daxili bazarı qorumaq məqsədilə xaricə tədarükü məhdudlaşdırması, aparıcı idxalatçıların ehtiyatlarını kəskin artırması bu gün planetimizdə qida çatışmazlığına və ərzaqların qiymətinin bahalaşmasına təsir edən ən böyük amillərdir. COVID-19 pandemiyası və 2022-ci il fevralın 24-də Rusiyanın təcavüzü nəticəsində başlayan Ukrayna-Rusiya müharibəsi bu sahədəki vəziyyəti daha da ağırlaşdırıb. Ekspertlərin bildirdiyi kimi, bu geosiyasi böhran pandemiyadan sonra başlayan iqtisadi canlanmanı təhlükə altına atıb.
Yeri gəlmişkən, ötən həftə buğdanın qiyməti Avropa bazarında mütləq rekord həddə çataraq bir ton üçün 438,25 avroya çatıb. Bu barədə “France Press” (AFP) agentliyi məlumat yayıb. Fransanın “Inter-Curtage” broker şirkətinin brokeri Damyen Verkambr qeyd edib ki, bu, “Euronext” birjasında mütləq rekorddur. Əvvəlki rekord 2022-ci il martın 7-də buğda ticarətinin hər ton üçün 422,50 səviyyəsində olub.
Artıq bəzi beynəlxalq təşkilatlar tərəfindən dünyada kənd təsərrüfatı istehsalının azalacağı və ərzaq böhranının olacağı proqnozlaşdırılır. Məsələn, BMT Təhlükəsizlik Şurasında qida təhlükəsizliyi üzrə ekspert Sara Menker deyib ki, Ukraynadakı müharibə və Hindistanın son həftələrdə buğda ixracına qadağa qoyması səbəbindən dünyada anbarlarda cəmi 10 həftəlik buğda qalıb. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi bu problemi daha dərinləşdirib: “Rusiya-Ukrayna müharibəsi ərzaq təhlükəsizliyi böhranına səbəb olmayıb, sadəcə olaraq uzun müddətdir ki, yanan alovun üzərinə yanacaq əlavə etdi. Sabah müharibə başa çatsa belə, razılaşdırılmış tədbirlər olmadan bizim ərzaq təhlükəsizliyi problemimiz tezliklə aradan qalxmayacaq”.
ABŞ dövlət katibi Entoni Blinken Rusiyanı Ukraynadan buğda ixracına mane olmaqda ittiham edib. E.Blinken iddia edib ki, Moskva buğdanı müharibədə silah kimi istifadə edir. Bu yaxınlarda Almaniyanın xarici işlər naziri Annalena Berbok da BMT-də ərzaq təhlükəsizliyinə dair keçirilən konfransda deyib ki, acı həqiqət ondan ibarətdir ki, qlobal ərzaq böhranı bir neçə saatda həll edilə bilməz. Aclığa səbəb olan bütün amillərə diqqət yetirilməlidir.
Bütün bunların fonunda bəs ölkəmizdə bu qlobal bəlanın təsirini azaltmaq üçün hansı addımlar atılır? Əminliklə demək olar ki, bu gün Azərbaycanda ərzaq təhlükəsizliyinin davamlılığı və dayanıqlığı istiqamətində genişmiqyaslı tədbirlər görülür. Hökumət dünyanı təhdid edən aclıq və bahalaşma təhlükəsinə qarşı ardıcıl proqramlar həyata keçirir. 2016-cı il dekabrın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində ölkənin ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi üçün institutsional potensialın gücləndirilməsi strateji hədəf kimi elan edilmiş və sözügedən hədəfə çatmaq üçün əsas prioritetlər müəyyənləşdirilmişdir.
Prezident İlham Əliyev mayın 17-də İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Foreri qəbul edərkən müasir dövrdə ərzaq təhlükəsizliyinin bütün ölkələr, o cümlədən Azərbaycan üçün də prioritet məsələ olduğunu qeyd edib. Ölkə başçısı yerli kənd təsərrüfatı istehsalının və ixracatın əhəmiyyətli dərəcədə artdığını vurğulayıb, eyni zamanda idxaldan asılılığın maksimum dərəcədə azaldılması istiqamətində də işlərin həyata keçirildiyini bildirib. Həmçinin erməni işğalından azad edilmiş ərazilərdə görülən işlərdən danışan dövlətimizin başçısı bu torpaqlarda dərhal kənd təsərrüfatı layihələrinin həyata keçirilməsinə başlanıldığını və artıq müəyyən nəticələrin əldə edildiyini bildirib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aqrar sektorda ölkənin ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcək həcmlərdə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsal olunacağı gözlənilir.
2022-ci il aprelin 15-də keçirilən Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabat verən Baş nazir Əli Əsədov Azərbaycanın kifayət qədər taxıl ehtiyatının olduğunu bildirmişdi: “Hökumət bu məsələ ilə məşğul olur. Biz taxıl ehtiyatlarımızı kifayət qədər artırmaqla bağlı çalışırıq”.
Azərbaycan İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu günlərdə keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, bu qurum tərəfindən ölkəmizdə ərzaq təhlükəsizliyinin təmini ilə bağlı yeni mexanizmin hazırlanması üçün təkliflər verilib. Onun sözlərinə görə, bu təkliflər qəbul edilib. Nazir müavini vurğulayıb ki, təkliflərə ərzaq məhsulları istehsal edən müəssisələrə, sahibkarlara, kənd təsərrüfatı ilə məşğul olan şirkətlərə subsidiyaların, güzəştli kreditlərin verilməsi daxildir.
Hazırda Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün strateji məhsullar arasında mühüm yeri tutan taxıl istehsalının artırılması istiqamətində mühüm addımlar atılır. İlk növbədə məhsuldarlığın artmasına xidmət edən iri taxılçılıq təsərrüfatları yaradılır. Bundan başqa, ərzaq təhlükəsizliyinin təmin edilməsi və ərzaq buğdasına olan tələbatını ödəmək üçün xaricdə taxıl əkini üçün geniş torpaqlar icarəyə götürülməsi istiqamətində çalışmalar davam edir.
Göründüyü kimi, Azərbaycan hökumətinin ərzaq təhlükəsizliyi və qida təminatı ilə bağlı ilə həyata keçirdiyi genişmiqyaslı tədbirlər, atdığı qabaqlayıcı addımlar sayəsində ölkəmiz bu böhrandan mümkün qədər az itki ilə çıxacaq və həyat öz axarı ilə davam edəcək.