16 İyun 2024

“Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi yeni bir dövrün başlanğıcıdır

“Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir. Çünki hər iki hidroqovşağın inşası uzun tarixi mübarizənin və gərgin əməyin nəticəsidir. Sirr deyil ki, tarixi 70 il öncəyə qədər gedib çıxan bu layihəyə, hidroqovşaqların inşasına qarşı anti-Azərbaycan dairələrinin, xüsusilə də radikal müxalifətin məkirli oyunları, çirkin kampaniyaları aparılsa da, iflasa uğrayıblar. Məhz, Azərbaycan və İran hakimiyyətlərinin iradələri nəticəsində bu mühüm layihələr həyata vəsiqə qazanıb”.
Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın dövrdə Azərbaycan Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisi layihəsinin icrasında iştirak edə bilməyib. “Xudafərin” və “Qız Qalası” layihələrinin, təxminən, yarım əsrlik tarixi var. Belə ki, 1970-80-ci illər ərzində SSRİ ilə İran mütəxəssisləri arasında “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisi və istismarı üzrə çoxsaylı qarşılıqlı razılaşma əldə edilib. 1988-ci il dekabrın 6-da iki ölkə arasında layihəyə dair əməkdaşlıq haqqında Saziş imzalanıb. 1989-cu ildə Azərbaycan rəhbərliyinin iştirakı ilə hidroqovşaq kompleksinin tikintisinin təməl qoyma mərasimi keçirilib. Azərbaycanın müstəqilliyinin bərpasından sonra da layihənin həyata keçirilməsi üzrə fəaliyyət davam etdirilib.
Azərbaycan Vətən Müharibəsində qalib gəldikdən sonra azad etdiyi ərazilərdən keçməklə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi istiqamətində də mühüm layihələrin icrasına başlayıb. Bu layihələrdən biri məhz İranla reallaşdırılır. 2021-ci ildə iki ölkə arasında imzalanan sazişlə Azərbaycanın Zəngilan rayonundan İran üzərindən Naxçıvana avtomobil, dəmiryol və elektrik enerjisi xətlərinin tikintisinə başlanıb. Naxçıvandan isə bağlantı Türkiyə və Avropaya qədər uzanacaq. Beləliklə, İranla Azərbaycanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində faydalı əməkdaşlığı Transxəzər Nəqliyyat Dəhlizi layihəsində davam etdiriləcək. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Həm Şimal-Cənub, eyni zamanda, Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə mayın 19-da dövlət sərhədində -Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi dünya ictimaiyyətinin diqqət mərkəzində olub. Bu mərasim, həm də dünya birliyinə iki ölkə arasındakı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi mesajı idi. Əslində, bu layihənin əsası uzun illər əvvəl qoyulub. Ermənistanın Azərbaycan ərazisnin 20 faizini işğal etməsi nəticəsində bu mühüm əhəmiyyətli layihənin tikintisi dayandırılmışdı. 2020-ci ildə Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra Araz çayı üzərində hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi qərara alındı və qısa müddətdə istismara verildi. Layihələr Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək.
İki ölkənin sərhəddində reallaşan bu layihə həm də gələcəyə yönəlmiş əməkdaşlıqdır. İki ölkə arasında qədim tarixi olan qarşılıqlı hörmət, anlaşma bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü bir daha göstərdi. Bütün bunlar İran-Azərbaycan əlaqələrinin gələcək inkişafının daha yaxşı olacağının bariz nümunəsidir. Son illər ərzində ölkə rəhbərlərinin artıq beşinci görüşü təşkil olunur. Hadisələrin xoşməramlı gedişi göstərir ki, bu görüşlər bundan sonra mütəmadi xarakter alacaq. Bu, eyni zamanda, hər iki ölkənin xalqlarına, bölgəyə və dünyaya ciddi mesajdır.
Bizi birləşdirən layihələr arasında nəqliyyat layihələri xüsusi rol oynayır. Bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir.
“Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi hadisəsi eyni zamanda Azərbaycan-İran dövlətlərarası münasibətlərin ən yüksək səviyyəsini nümayiş etdirir. Bu cür layihələrin reallaşdırılması dostluğun növbəti təzahürüdür.
 
Fərid Hacıyev – Qarabağ Regional Mədəniyyət idarəsinin baş məsləhətçisi, Bərdə rayon üzrə Nümayəndə