QHT sədrinin kitabı işıq üzü görüb
Müvəkkil Hüquq Mərkəzinin sədri, tanınmış hüquqşünas Səməd Vəkilovun müəllifi olduğu “Qərbi Azərbaycandan Deportasiya. İmirlidə məskunlaşma (hüquq və tarix kontekstində)” kitabı işıq üzü görüb.
QHT.az xəbər verir ki, kitab Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Müvəkkil Hüquq Mərkəzinin tərəfindən icra olunan layihə çərçivəsində hazırlanıb. Kitabda Dərələyəz mahalının Çivə, Sallı, Qozulca, Göyçə mahalının Mollalı, Vedibasar mahalının Hortun kəndinin əhalisinin öz doğma yurdlarından İosif Stalinin qərarı ilə deportasiya edilərək, Bərdə rayonunun İmirli kəndində məskunlaşmasının hansı tarixi şəraitdə baş verməsi, deportasiyanın hüquqi aspektləri araşdırılmış və bu aksiyaya məruz qalmış insanların şəxsi hekayələri toplanıb.
Qeyd edək ki, kitabın məsləhətçi Azərbaycan Respublikası Milli Məclisinin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Sadiq Qurbanov, rəyçisi tarix üzrə fəlsəfə doktoru Leyla Calalova, elmi redaktor tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı Nazim Mustafadır.