25 Aprel 2024

Qərbi Azərbaycanda türk memarlıq irsinə erməni təcavüzü

Vaxtilə bütün Qafqazda görkəmli və hündür qülləli məscidləri ilə məşhur olan İrəvan şəhərində bu gün “Göy məscid”dən başqa heç bir müsəlman ibadətgahından əsər-əlamət qalmayıb

Bəşəriyyətin üzləşdiyi ən çirkin əməllərdən biri olan erməni terrorunun tarixi uzun, coğrafiyası genişdir. Ermənilər dünyanın müxtəlif ölkələrində törətdikləri terror aktlarını əsasən türklərə və müsəlmanlara qarşı gerçəkləşdiriblər. Erməni terrorunun bir qolunun da müsəlman xalqlarının mədəni irsinə yönəldiyi məlumdur. Erməni vandallarının uzun illər boyu hazırda Ermənistan adlandırılan Qərbi Azərbaycan və ölkəmizin digər ərazilərində gerçəkləşdirdikləri sistemli mədəniyyət terrorundan ən çox memarlıq abidələri zərər çəkib. Ancaq bu çox ciddi və qorxulu problemə uzun illər heç bir reaksiya verilməyib. Ermənilər Azərbaycan-türk memarlıq irsinə qarşı ən iri terror əməliyyatlarını İrəvan şəhərində aparıblar. İrəvanda 1827-ci il rus işğalından sonra başlanan bu əməliyyatlar indiyədək davam etməkdədir.

Azərbaycanın tarixi şəhərlərindən biri olan İrəvan XVI yüzillikdə qala şəhər kimi yaranıb. Türk-İslam şəhərsalma ənənələrinə uyğun inkişaf etmiş İrəvan XVIII yüzillikdə Qala, Şəhər, Təpəbaşı və Dəmirbulaq hissələrindən ibarət idi. Bunların hər biri müəyyən tarixi mərhələdə formalaşmış məhəllələr qrupu olub. Məşhur fransız səyyahı və etnoqrafı İvan Şopen (1798-1870) XIX əsrin 20-ci illərində Rusiyaya gələrək, Qafqaz canişinliyinə işə düzəldikdən sonra general İ.F.Paskeviçin göstərişi ilə Qafqazda yaşayan xalqların, xüsusilə də İrəvan və Naxçıvan  əhalisinin tarixi ilə əlaqədar tədqiqat işləri aparmağa başlayıb. İ.Şopen əsərlərində Qafqaz xalqlarının, o cümlədən azərbaycanlıların tarixi, etnik tərkibi, dili, folkloru, ədəbiyyat və incəsənəti haqqında geniş məlumatlar toplayıb. O, 1832-ci ildə İrəvanda 12 məscid qeydə alıb. Bunlara “Came”, “Şah Abbas”, “Zal xan”, “Novruzəli bəy”, “Sərtib xan”, “Hüseynəli xan” (Göy məscid), “Hacı İmamverdi bəy”, “Hacı Cəfər bəy məscidləri”ni misal göstərmək olar. Bu məscidlərin bəziləri bir sıra alban abidələri ilə birlikdə erməni vandalları tərəfindən tədricən dağıdılıb və ya erməniləşdirilib. Araşdırmalar göstərir ki, 1912-ci ilə kimi indiki Ermənistan ərazisinin İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərib. 1915-ci ildə isə İrəvan və Zəngəzur quberniyasının ərazisində məscidlərin sayının artması müşahidə olunub. Burada 382 şiə, 9 sünni məscidi fəaliyyət göstərib. 1918-ci ildən başlayaraq bu məscidlərin hamısı ermənilər tərəfindən dağıdılaraq məhv edilib.

İrəvandakı məscidlərin ən qədimi “Sərdar məscidi” idi. Köhnə məscid adlandırılan bu ibadətgah Şah İsmayılın tapşırığı ilə onun vəziri Rəvanqulu xan İrəvan qalasını tikdirdiyi dövrdə inşa edilib. 1589-cu ildə isə Osmanlı dövləti tərəfindən yenidən bərpa edilib. İrəvan qalası içərisində və Sərdar sarayı yaxınlığında yerləşdiyi üçün “Sərdar məscidi” adlandırılıb. 1918-ci ildə ermənilər həmin məscidə müsəlmanları dolduraraq od vurub yandırıblar. Məscid insanlarla birlikdə tamamilə yanıb külə dönüb.

Hündür minarələri olan İrəvan məscidləri şəhərin möhtəşəm görüntüsünü  səciyyələndirən tikililər olub. Belə məscidlərdən 4-ü İrəvan qalasının “Səhər” məhəlləsində yerləşirdi. Bunlar “Novruzəli xan”, “Hüseynəli xan” (indiki “Göy məscid”), “Xoca Səfər bəy” və “Məhəmməd Sərtib xan” məscidləri idi. Lakin İrəvan məscidləri arasında sənət dəyəri baxımından “Şah Abbas məscidi”nin əhəmiyyəti çox böyük idi. 1604-cü ildə 1-ci Şah Abbas İrəvan qalasını Osmanlılardan azad etdikdən sonra 1606-cı ildə İrəvan xanına məxsus Sərdar sarayının şərq tərəfində möhtəşəm bir məscid inşa etdirib. Məscidə xalq tərəfindən “Şah Abbas məscidi” adı verilib. Məscidin memarı o zamanın məşhur sənətkarı Şeyx Bahəddin idi. Gəncə məscidinə oxşarlığı olan “Şah Abbas məscidi”nin kompleksinə mədrəsə, kitabxana, mehmanxana və müxtəlif obyektlər daxil idi. İrəvan xanlığı dövründə məscidin aş evində kasıblara gündə 3 pay yemək verilirmiş. Məscid dini məkan olmaqla bərabər, həm də ictimai qurumların toplandığı yer olması ilə də diqqəti cəlb edib. 1918-ci ilə qədər “Şah Abbas məscidi” yarımuçuq vəziyyətdə olsa da sonralar tamamilə məhv edilib.

İrəvandakı “Xudabəndə  məscidi” Səfəvi hökmdarı Məhəmməd şah Xudabəndə  tərəfindən tikilib. Uzunluğu 9 metr, eni 6 metr, hündürlüyü isə 12 metr idi. Kiçik mehrabı olan məscid bişmiş qırmızı kərpicdən tikilmişdi. 1685-ci ildə Səfəvi hökmdarı Şah Süleyman tərəfindən məscidin giriş qapısı üzərində bir kitabə də yerləşdirilmişdi.

“Dəmirbulaq məscidi” İrəvan şəhərinin azərbaycanlılar yaşayan məhəlləsində XVII-XVIII əsrlərə aid müsəlman ibadət məkanı olub. Şəhərin Dəmirbulaq məhəlləsində yerləşdiyi üçün “Dəmirbulaq məscidi” adlandırılıb. Məscidin üstündə düzəldilmiş günlüyə görə ona bəzən “Günlüklü məscid” də deyirmişlər. Məscid İrəvan şəhərinin varlı adamlarından olan Hacı Müzəffər Ağa tərəfindən inşa etdirilib. 1988-ci ilə kimi fəaliyyət göstərən və şəhərin dindar müsəlmanlarına xidmət göstərən məscid elə həmin ilin fevralında erməni millətçiləri tərəfindən hücuma məruz qalıb və talan edilərək yandırılıb.

“Rəcəb paşa məscidi”. 1725-ci ildə Rəcəb paşa tərəfindən İrəvan qalasında inşa edilmiş məsciddir. Ruslar İrəvanı işğal etdikdən sonda (1827) Rəcəb paşanın inşa etdirdiyi məscid dağıdılıb və yerində Rus pravoslav kilsəsi tikilib. “Abbas Mirzə xan məscidi” XVIII əsrdə Abbas Mirzə Qovanlı-Qacar tərəfindən İrəvan qalasında inşa etdirilib. 1827-ci ildə ruslar tərəfindən dağıdılıb. 2008-ci ildə isə tamamilə sökülüb. “Şükürbəyli  məscidi” də İrəvanda tikilib. 1827-ci ildə ruslar məscidin daxilini dəyişdirib və  adını “Svyatoy Boqoradiç” qoyublar. Hazırda “Şükürbəyli məscidi” rus kilsəsi kimi fəaliyyətdədir. “Zalhan  məscidi” İrəvanda tikilib. Məscid II Dünya müharibəsindən sonra arxitektura xüsusiyyətləri pozularaq şəkil və sərgi binası kimi fəaliyyət göstərir.

“Göy məscid” qeyd etdiyimiz kimi, hazırda Ermənistanın paytaxtı İrəvanda qalmış yeganə ibadətgahdır. Miqyasına görə İrəvandakı “Göy məscid” Qafqazda ən böyük məscid olmuşdur. Şərq memarlığının nadir nümunələrindən hesab edilən “Göy məscid”in inşasına Hüseynəli xan Qacarın hakimiyyəti dövründə 1760-cı ildə başlanılmış, 1766-cı ildə başa çatdırılmışdır. Azərbaycanın memarlıq nümunələrindən biri olan bu məscidin eni 66, uzunluğu 92,2 metrdir. Bu ziyarətgah çar dövründə İrəvanda azərbaycanlıların ibadət etdikləri 8 məsciddən biri idi. Məscid 28 hücrə, kitabxana, ibadətgah və 3 həyətdən ibarətdir. Ümumilikdə, məscid 7000 kv.metrlik ərazidə yerləşir. İkinci Dünya müharibəsindən sonra Sovet hökumətinin radikal dünyəvi siyasətinə uyğun olaraq hündürlüyü 24 metr olan 4 minarədən 3-ü söküldü və 1952-ci ildən məscidin bir hissəsi planetariyə, bir hissəsi isə məktəbə çevrildi. Məscid 20-ci əsrdə iki dəfə yandırılıb. Birinci dəfə 1918-ci ildə, ikinci dəfə isə 1955-ci ilin martında. Həmin vaxt azərbaycanlı din xadimi Mahmud Aruzoğlu, həyat yoldaşı və 22 nəfər türk alimi məsciddə ibadət edərkən ermənilər tərəfindən yandırılıb.

1995-ci ildə İranla Ermənistan arasında imzalanan müqaviləyə əsasən İran hökuməti “Göy məscid”in yenidən qurulması xərclərini öz üzərinə götürdü. Rekonstruksiya işləri İranın “Bonyade Mostezəfan və Canbazane Enqelabe Eslami” fonduna həvalə edildi. Məsciddə son tamamlama işləri 2006-cı ildə başa çatdırılmışdır. Hazırda Ermənistan rəsmiləri “Göy məscidi” xaricdən gələn qonaqlara “Fars məscidi”, yaxud da “İran məscidi” kimi təqdim edirlər.

Yuxarıda sadalanan faktlar sübut edir ki, təkcə İrəvan şəhərində deyil, bütövlükdə Ermənistan adlanan və özünü dünyanın sivil ölkəsi kimi beynəlxalq aləmə təqdim etməyə çalışan bir dövlətin ərazisində azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinə, onların maddi irsinə qarşı sözün həqiqi mənasında mədəni vandalizm aktları həyata keçirilməsi bu gün də davam etdirilir. “Göy məscid” bu gün ermənilər üçün bir kabusa çevrilib. Fürsət düşmüşkən onu sökmədiklərinə görə indi peşmançılıq çəkirlər. Yeganə yolları isə “Göy məscid”in mənsubluğunu farsların ayağına yazmaqdır. Əlahəzrət həqiqəti isə necə deyərlər, çuvalda gizlətmək mümkün deyil.