27 İyul 2024

“Qafan və Cermuxdan əhali qaçır” iddiasının arxasındakı sirr

Bəzi ekspertlərə görə, ermənilərin evlərini satışa çıxarması daha çox müharibəyə hazırlaşmaq anlamına gəlir, amma…

Üzərinə öhdəlik götürməsinə baxmayaraq, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı indiyədək konkret addımlar atmayıb. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyanın bu mövzuda açıqlamasında diqqət çəkən detal var. Baqratyan  Zəngəzur dəhlizi haqda danışarkən Qafan və Cermuxda ermənilərin evlərini satdığını deyib. “Bu o deməkdir ki, Zəngəzurda bir nəfər də olsun erməni qalmayacaq”.

Bəzi yerli ekspertlərə görə,  ermənilərin Qafan və Cermuxdan çıxması, oradakı evləri satışa çıxarması daha çox müharibəyə hazırlaşmaq anlamına gəlir. Çünki yolların açılması həmin ərazilərin sosial inkişafına müsbət təsir göstərəcək. Ermənistanın belə bir niyyəti olsaydı, o zaman Qafan, Cermux və digər sərhədə yaxın ərazilərdə yerləşən ermənilər evlərini satmazdılar. Bu baxımdan sözügedən proseslər qarşı tərəfin müharibəyə hazırlaşmağından xəbər verə bilər. Unutmayaq ki, 44 günlük Vətən müharibəsində Ermənistan ciddi məğlubiyyətə uğrasa da, orada müəyyən revanşist əhval-ruhiyyə qalmaqdadır. Paşinyanın komandasında da belə mövqedə olanlar var. Üstəlik, Ermənistan Avropa İttifaqı monitorinq missiyasını sərhədə gətirməklə, regionda qarşıdurmanı körükləyir. Ermənistan tərəfi elə hesab edir ki, Aİ missiyasının “arxasında” istənilən təxribata gedə bilərlər. Maraqlıdır ki, bu ərəfədə sosial şəbəkələrdə anti-Azərbaycan isterikasının daha da artdığı müşahidə olunmaqdadır. Erməni seqmentində çıxış edən bəzi revanşistlər və təxribatçılar bildirirlər ki, “nə qədər ki, Türkiyənin başı zəlzələyə qarışıb, Qarabağa hücum edib itirilmiş əraziləri geri qaytarmaq olar”. Bu cür düşünənlər hesab edirlər ki, Azərbaycan 2020-ci ildə Qarabağdakı 44 günlük müharibəni Türkiyənin köməyilə qazanıb. Guya Türkiyə dəstək verməsəydi, Ermənistan Qarabağda məğlub olmayacaqdı.

Müzakirələrdən görünür ki, sosial şəbəkələrdə, Teleqram kanallarında revanşa səsləyən belə çağırışların müəllifləri olan ermənilər daha çox xaricdə yaşayanlar olsa da, Ermənistanın daxilində də onları dəstəkləyənlər var. 

“Qafan və Cermuxun boşaldılması” iddiasının arxasındakı gerçək nədir?

63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ

Qafar Çaxmaqlı

Politoloq Qafar Çaxmaqlı “Yeni Msavat”a bildirdi ki, 44 günlük savaş bitsə də Ermənistanla münasibətlər lazımi məcraya gətirilməyib: “Ermənistandakı bəzi qüvvələr hələ də ümid edirlər ki, məğlubiyyətin revanşı olacaqdır. Dövlət olaraq da bu ölkədə hazırlıq, ordunun yenidən qurulması, yeni silahlar alınması işləri gedir. Bu, müharibənin bitmədiyi anlamına gəlir. Bəzi sərhəd bölgələrindəki əndişə və buraları tərk etmə prosesləri bundan qaynaqlanır. Yeni bir müharibə olacaqsa, ermənilər bilirlər ki, Azərbaycan Zəngəzur koridoru boyunca əməliyyatlara üstünlük verəcək və Ermənistanı bu öhdəliyi yerinə yetirməyə məcbur eləməyə çalışacaq. Düzdür, indi Ermənistanda Türkiyənin başının zəlzələyə qarışmasını fürsət bilirlər. Amma Türkiyənin hər nə olur-olsun Azərbaycanın yanında olacağının da fərqindədirlər. Onların əsas narahatçılığı Rusiyanın tutacağı mövqedir. Hesab olunur ki, dəhlizin açılması Rusiyanın da marağında olduğuna görə bu ölkə Ermənistana kömək etməyəcək. Son zamanlar Ermənistan rəhbərliyinin Rusiyanın Qərblə əvəzlənməsi kimi siyasəti və başqa diplomatik addımları  Rusiyanı narazı salmışdır və olası bir münaqişədə  Rusiya Ermənistanın müttəfiqi kimi çıxış etməyəcək. Onların bir çoxları belə düşünməkdədirlər.  Amma mən bu fikirdəyəm ki, nə qədər revanşist əhval hakim olsa da,  Ermənistan yeni bir müharibəyə hazır deyil və bundan qaçmaq üçün hər şeyi edəcək və yaxın zamanlarda Azərbaycanın təzyiqləri nəticə verəcək. Məsələ Zəngəzur koridorunun açılmasıdır. Ermənistan geri addım atmağa məcburdur”.

Abutalıb Səmədov: Prezident Administrasiyasının dialoqu kəsilmədən davam  edir

Abutalıb Səmədov 

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov isə bildirdi ki, Qrant Baqratyan 10 noyabr 2020-ci il razılaşmasında nəzərdə tutulan kommunikasiyaların açılmasının tərəfdarı kimi çıxış edir. Digər ermənilər kimi o da “Zəngəzur dəhlizi” anlayışını qəbul etmək istəmir. Ancaq iddia edir ki, kommunikasiyaların açılması Ermənistana hər il 60 milyon dollara qədər gəlir gətirə bilər. Bu gəlirin gəlməsi üçün 45-46 km-lik dəmiryolu xətti çəkilməli və avtomobil yolu bərpa edilməlidir. Bunun üçün təqribən 3 il vaxt və 200 milyon dollardan artıq vəsait tələb olunur. Təəssüf ki, Ermənistan ötən iki il 3 ay ərzində bu istiqamətdə heç bir real iş görməyib və davranışından belə bir istəkdə olduğu hiss olunmur: “Zəngəzur dəhlizi”nin açılması ermənilərə milyonlarla gəlir gətirəcəksə və bölgənin yüksək sürətlə inkişafına yardım göstərəcəksə nədən orda yaşayan əhali evlərini satıb köçməyə çalışır? Bunun kökündə Ermənistan hakimiyyətinin apardığı yanlış təbliğat dayanır. Nikol Paşinyan və komandası orda yaşayan əhalini inandırmağa çalışır ki, Azərbaycan “Zəngəzur dəhlizi”ni açmaq üçün hər an müharibəyə başlaya bilər. Keçmiş Baş nazir Qrant Baqratyan da öz müsahibəsində belə bir iddianı ortaya atır və “Azərbaycan sözsüz ki, Naxçıvana koridoru açacaq”-deyir. Baxmayaraq ki, 10 noyabr razılaşmasına görə koridoru Azərbaycan yox, Ermənistan açmalı və orada maneəsiz hərəkəti təmin etməlidir. Ermənilərin Qafan və Cermuxdan çıxması, oradakı evləri satışa çıxarması daha çox müharibəyə hazırlaşmaq anlamına gələ bilərmi? Bu nə qədər ağılsız addım olsa da, Ermənistan hakimiyyətinin intiharı anlamına gəlsə də Ermənistan hakimiyyətinin belə bir avantüraya gedəcəyini qətiyyən istisna etmək olmaz. Biz ermənilərin son illər daha ağılsız addımlarının, təxribatlarının şahidi olmuşuq. Onlar hələ də iddia edirlər ki, İkinci Qarabağ müharibəsində  rəsmi rəqəmlərə görə 10 mindən çox fərarisi olan  “basılmaz” erməni ordusunu Azərbaycan-Türkiyə birləşmiş hərbi qüvvələri məğlub edib. İndi Türkiyədə baş verən zəlzələ hamının başını qatıb,  ermənilər düşünürlər ki, müharibəyə başlayıb revanşa nail olmaq üçün “münbit şərait” mövcuddur və bu imkandan mütləq istifadə etmək lazımdır. Görünür ötən ilin sentyabrında aldıqları “dərs” ağıllarını başlarına gətirməyib və daha ciddi “təlimə” ehtiyacları var. Azərbaycan heç vaxt müharibəyə can atmasa da erməniləri normal qonşulara çevirmək istəyindən də heç vaxt imtina etməyib. və bundan sonra da Cənubi Qafqazda davamlı sülhün yaranması üçün əlindən gələni etmək və bu məqsədlə bütün “zəruri üsullardan” yararlanmaq əzmindədir”.

Politoloq Qabil Hüseynli isə qeyd etdi ki, erməni əhali Ermənistanın daxildə revanşist qüvvələr və bir sıra xarici güclər tərəfindən müharibəyə sürüklənməkdə olduğunun fərqindədir. Eyni zamanda, onun da fərqindədirlər ki, Ermənistan hakimiyyəti və ordusu onları müdafiə etmək qabiliyyətində, gücündə deyil. Öz hakimiyyətlərinə, ordularına güvənsizlik onların köçməsina stimul verən amillərdən ola bilər. Heç kim sərhəd boyu ərazilərdə yaşamaq istəmir:  “Nə qədər ki, Ermənistan dövlətinin Azərbaycana qarşı ərazi iddialarına son qoyulmayıb, sülh sazişi imzalanmayıb, erməni əhali köç əhvalında qalacaq. Zəngəzur dəhlizinin gec-tez açılacağını ermənilər də bilirlər. Bu məsələnin İrəvan tərəfindən uzadılması vəziyyəti get-gedə gərginləşdirir. Ermənilər əgər həqiqətən də qeyd olunan ərazilərdən evlərini satıb köçürlərsə, bunu müharibə təhlükəsinin real olduğuna görə edirlər”.