27 İyul 2024

Putin bu mövzuda Ərdoğanla MƏSLƏHƏTLƏŞƏCƏK

“Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfəri zamanı Ukrayna başda olmaqla regional mövzularda prezident Ərdoğanla məsləhətləşəcək”.

Musavat.com xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə planlaşdırılan səfəri barədə danışarkən deyib.

O, səfər çərçivəsində Ərdoğan və Putin arasında keçirilməsi planlaşdırılan görüşün məzmunu barədə məlumat verib:

“Görüşlərdə həmişə regional məsələlər və müzakirə olunur. Təbii ki, Ukrayna məsələsi də müzakirə olunacaq. Lakin ilk növbədə Rusiya-Türkiyə münasibətləri, ticari-iqtisadi əməkdaşlığımız barədə fikir mübadiləsi aparılacaq”.

Peskov Qərb dövlətlərinin təzyiqlərinə baxmayaraq, Ankaranın Moskva ilə münasibətlərini davam etdirmək üçün müstəqil siyasət yürütdüyünü vurğulayıb:

“Türkiyə bu məsələdə çox prinsipial və müstəqil mövqe tutan, bizimlə ticari və iqtisadi əməkdaşlığı davam etdirən nadir ölkələrdən biridir. Türkiyə anqlosaksların görünməmiş təzyiqi ilə üzləşir və bu təzyiqlər onu bizimlə qarşılıqlı əlaqəni minimuma endirməyə məcbur edir. Ancaq Ankara Moskva ilə münasibətlərində öz suverenliyini qoruyur”.

Media1.az