16 Aprel 2024

Prezident Meksikanın yeni səfirinin etimadnaməsini qəbul edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyeronun etimadnaməsini qəbul edib.

Media1.az xəbər verir ki, səfir Mariya Viktoriya Romero Kabalyero etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev ölkələrimiz arasında coğrafi məsafənin uzaq olmasına baxmayaraq, əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildirib.

Səfir də ölkələrimiz arasında əməkdaşlıq üçün çoxlu imkanların mövcudluğunu qeyd edib, xüsusilə enerji, investisiyalar, elm, təhsil və digər sahələrdə geniş potensialın olduğunu vurğulayıb.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunulub. Səfir Meksikanın Qoşulmama Hərəkatı yanında müşahidəçi dövlət olaraq Azərbaycanın Hərəkatın sədri kimi təşəbbüslərini izlədiyini və ölkəsinin “Cənub-Cənub” əməkdaşlıq prosesini dəstəklədiyini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini qeyd edərək, ölkəmizin Hərəkatın sədri olaraq onun təsisatlanması istiqamətində, o cümlədən Hərəkatın Gənclər Şəbəkəsinin və Parlament Şəbəkəsinin yaradılması təşəbbüsləri ilə çıxış etdiyini bildirib.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında səmərəli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.

Səfir Azərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün səylə çalışacağını diqqətə çatdırıb.