19 Aprel 2024

Polietilen torbaların pullu olması istifadəni azaladacaq? EKOLOQ ŞƏRHİ

“Bu qanun iki ilə yaxındır ki, qüvvədədir. Artıq kifayət qədər vaxt keçib. Bu haqda kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyəti tərəfindən əhali arasında kifayət qədər təbliğat aparılıb”.

Bunu Media1.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov deyib.

Ekoloq bildirib ki, 2021 ci ildə plastik qabların satışı ilə bağlı sahibkarların bir neçəsi cərimələnmişdi:

“Polietilen torbalar qeyri-üzvi kimya məhsuludur. Ətraf mühitə mənfi təsirləri çoxdur. Onların təbiətdən əriyib itməsi yüzilliklər tələb eden prossesdir. Avropa və digər inkişaf etmiş ölkələr artıq onların istifadəsindən imtina edib. Bizdə də ətraf mühitin qorunması məqsədilə həmin torbanın əhali arasında geniş istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulub. Polietilen torbaların pullu olması onlardan az istifadəyə gətirib çıxaracaq. Polietilen torbalar məişət tullantısı kimi yandırıldıqda da, ondan ayrılan toksik maddələr atmosferin çirklənməsinə səbəb olur. Ekoloji siyasətin bir hissəsi kimi polietilen torbaların dövriyyədən çıxarılması nəzərdə tutulub”.

Qeyd edək ki, Bakıda marketlərdə alıcılara verilən polietilen torbalar yaxın günlərdən etibarən ödənişli ola biləcəyi bildirilir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iri market şəbəkələrinə məktub göndərilib. Məktubda qeyd olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müraciəti əsasında qalınlığı 15-20 mikron olan yüngülçəkili polietilen torbaların nəzarət-kassa aparatlarında ayrıca məhsul növü kimi təqdim edilməsi üçün təcili tədbir görülsün və bunun nəticələri ilə bağlı Dövlət Xidmətinə 5 iş günü ərzində məlumat verilsin.

Rəna Həsənova