29 Mart 2024

Paşinyan Putinin ordusunu çıxarmaq tələbini sərtləşdirdi – NATO rəsmisi İrəvanda!

Gümrüdəki hərbi bazanın evakuasiyası istəkləri güclənir, “Türkiyə Ermənistanı heç vaxt təhdid etməyib” bəyanatları səslənir, Aİ-nin missiyası bu dəfə  sərhədə iki illik yerləşir – İrəvanın artan anti-Moskva ritorikasına cavab nə olacaq?

Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazası ətrafında hadisələr getdikcə daha maraqlı xarakter alır. Belə görünür ki, bu bazanın ölkə ərazisindən çıxarılması üçün ermənilər artıq müvafiq əsasların yaradılması prosesinə başlayıb. “Yeni Müsavat”ın analitik şöbəsinin məlumatına görə, Ermənistanın hakim “Vətəndaş müqaviləsi” fraksiyasından bəyan edilib ki, Türkiyə Ermənistanı heç vaxt təhdid etməyib, əksinə, Rusiyanın Türkiyə ilə sərhəddə hərbi mövcudluğu Ankaraya qarşı yönəlmiş hərbi təhdiddir. “Türkiyə Ermənistanı heç vaxt təhdid etməyib. Türkiyənin Ermənistan müstəqillik əldə etdikdən sonra onu nə vaxtsa təhdid etdiyini sübut edən heç bir faktımız yoxdur. Ona görə də Rusiya qoşunları ölkəni tərk edərsə, Ermənistan, Türkiyə də daxil olmaqla, heç bir təhlükə yaratmayan ölkəyə çevriləcək” – deyə, fraksiyanın deputatlarından biri deyib.

Erməni ekspert Arbak Xaçatryan da artıq İrəvanın Moskvaya etimad etmədiyini bildirir və bunun günahını Kremldə axtarır: “Ermənistan-Rusiya münasibətləri çoxdan mövcud deyil. Rusiya Ermənistanla kağız üzərində müttəfiqdir. Demək istəyirəm ki, bəli, o, KTMT-nin üzvüdür. Türkiyə ilə sərhəddə və Ermənistanın başqa yerlərində də rus əsgərləri var. Biz görürük ki, Ermənistan beynəlxalq təşkilatlarda Rusiya əleyhinə olan qətnamələri dəstəkləməyib və bitərəf qalıb. Bu, Ermənistan üçün cəsarətli addımdır, çünki əslində bu, “mən sizi dəstəkləmirəm” deməkdir. Hesab edirəm ki, Ermənistanın müttəfiq seçmək imkanı olsaydı, o, Rusiyanı seçməzdi. Bu səbəbdən Ermənistanda anti-Rusiya əhvalı artır”.

Ermənilər silaha yox, ağıla müraciət etməlidir"

Arbak Xaçatryan 

Paşinyan özü də bu yaxınlarda demişdi ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğu ölkəsi üçün təhdiddir. Belə bir vaxtda İrəvan Rusiyanı qıcıqlandıracaq daha bir addım atıb. Məlum olub ki, Avropa İttifaqı bir aydan sonra Ermənistana yeni müşahidə missiyası göndərəcək. Bu dəfə missiya 2 aylıq deyil, 2 illik müddətə göndəriləcək. Məlumata görə, missiya fevralın 20-də başlayacaq. Qərar ötən həftə Avropa Şurasının Siyasət və təhlükəsizlik komitəsi, həmçinin, müşahidə missiyaları ilə məşğul olan əsas orqan – Böhranlı idarəetmə üzrə mülki işlər komitəsi tərəfindən təsdiqlənib. Keçən ilin oktyabrında Azərbaycan-Ermənistan sərhədinə göndərilən 40 nəfərlik qrupdan fərqli olaraq, budəfəki missiya bütün Ermənistan ərazisini əhatə edəcək. Missiya üzvlərinin 200 nəfərdən ibarət olacağı, o cümlədən silahsız olacağı vurğulanır. Rusiyanın baş diplomatı Sergey Lavrovun da Aİ missiyasının gəlişinə açıq etiraz oldu. XİN başçısı qeyd etdi ki, Ermənistan Rusiya ilə müttəfiq olsa da, Avropanı bölgəyə dəvət edir. Rusiya Qərb təmsilçilərinin Ermənistan sayəsində regiona gəlişini xəyanət kimi görür.

Bu fonda Ermənistanda anti-Rusiya aksiyası genişlənir. “Rusiya işğalçıdır!” kimi şüarlar Ermənistan cəmiyyətini bürüyür. “İşğalçı Rusiya, Ermənistandan çıx!”, “Rusiya ordusu, Ermənistandan rədd ol!” kimi şüarlar “Milli Demokratik Qütb” siyasi hərəkatının aksiyalarında daimi səslənir. Ermənistan hakimiyyəti buna hər cür şərait yaradır. Maraqlıdır ki, Rusiya bazası ilə bağlı hərəkətlilik NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistana səfəri ərəfəsinə təsadüf edir. Xavyer Kolomina yanvarın 18-də Ermənistana gəlib. O, təhlükəsizlik vəziyyəti ilə bağlı müzakirələr aparıb. Görünən budur ki, Ermənistanın Qərbə sıx tellərlə bağlı hakimiyyəti Rusiyanın hərbi mövcudluğuna qarşı daha açıq tezislərlə çıxış etməyə başlayır. Ermənistan hətta tarixi düşmən hesab etdiyi Türkiyədən belə ehtiyat etmir, Rusiyanı daha ciddi təhlükə kimi görür. Bəs Rusiyanın bu təhdidlərə cavabı nə olacaq? Moskva 102-ci bazanı hansı şərtlər və zərurət halında çıxara bilər? Ümumiyyətlə, Ermənistan NATO-ya üzv ola, KTMT-dən də çıxa bilərmi?

Amerika kəşfiyyatının “verbovka” etdiyi azərbaycanlı direktor necə ƏLƏ  KEÇDİ...

İlham İsmayıl

Təhlükəsizlik məsələləri üzrə mütəxəssis olan İlham İsmayılın “Yeni Müsavat”a bildirdiyinə görə, Nikol Paşiyan hakimiyyətinin 2018-ci ildən başlanmış bu strateji xətti indiyə qədər davam edir. Onun fikrincə, Qarabağdakı müharibədən sonra bu siyasi elementlər daha da artıb: “Ötən ilin sonuna yaxın KTMT-nin İrəvandakı sammitində Paşinyanın sənədi imzalamaqdan imtina etməsi, Mirzoyanı son anda Moskvaya göndərməməsi, Laçın yolundakı vəziyyətə görə Rusiyanı günahlandırması və ardınca Gümrüdə keçirilən aksiyalar göstərir ki, ehtiyatla da olsa Avroatlantik məkana doğru inteqrasiya edilir. Rusiyanın sözsüz ki, Ermənistanda siyasi və iqtisadi, habelə hərbi təsirləri var. Paşinyan bu təsir imkanlarını bildiyi üçün ehtiyatla Kremlin orbitindən qopmağa çalışır. Bəli, Rusiya onu iki ildir ki, devirmək istəyir, di gəl, nail ola bilmir. Çünki iqtidara rəqib olan siyasi güclərin xalq içində nüfuzu qalmayıb. Ona görə Rusiya ənənəvi təzyiq vasitələrindən istifadə edə bilmir. Amma əlində siyasi-iqtisadi və hərbi rıçaqlar var”.

İ.İsmayıl hesab edir ki, Rusiya Lars yolunu bağlaya, ermənilərin qazını kəsə və bununla vassalı kimi baxdığı ölkəni çıxılmaz vəziyyətə sala bilər: “Görünür ki, Rusiya hələ sona qədər təzyiqlərini işə salmayıb. O cəhətdən mənə elə gəlir ki, proseslər uzaqdadır. Amma iki ölkə arasında münasibətlər kifayət qədər laxlayıb. Ukrayna savaşı Rusiyanı fiziki və nüfuz baxımdan zəiflədib. Əgər müharibənin irəlidəki dövründə Rusiya əleyhinə qərar olarsa, Ermənistan hakimiyyəti anti-Putin ovqatını daha da gücləndirəcək. Çünki antirus siyasəti təkcə Ermənistanın özündən asılı deyil, geopolitik hadisələrin axarına bağlıdır. Hər halda, bu gün İrəvanda antirus əhval-ruhiyyəsi azalmaq yerinə artır. Bununla belə, Rusiya Cənubi Qafqazdan getməyə hazırlaşmır. Sadəcə, dayanan prosesə oxşamır. Nə qədər ki, Paşinyan hakimiyyətdədir, bu xətt davam edəcək”.

Azad MƏSİYEV - TEZADLAR

Azad Məsiyev 

Siyasi eskpert Azad Məsiyev qeyd etdi ki, Paşinyan Vaşinqtondan gələn təlimatlar əsasında dövləti idarə edir: “Bu, Zelenskinin variantını xatırladır. İndi Gürcüstan və Ukrayna ssenarilərini Ermənistanda təkrarlamaq istəyirlər. Bu proqram çərçivəsində Rusiyanın Ermənistandakı təsirlərini azaltmaq məqsədi güdülür. Laçın yoluna görə Gümrüdə aksiya keçirilməsi bəhanədir, sadəcə, ABŞ-ın tapşırıqları əsasında bu anti-Kreml ab-havası yaradılır. Amma məsələ bəsit deyil, Rusiyanın Ermənistana təsir rıçaqları genişdir. Paşinyanın bu addımları atmasına baxmayaraq, heç də asan deyil. Necə ki, Zelenskinin gözü ayağının altını sezmirdi, indi Paşinyan onun yolunu gedir”.

Onu da deyək ki, Gümrüdəki baza Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1 sentyabr 1994-cü il tarixində keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb. Hazırda şəxsi heyətinin 4000 nəfər olduğu bildirilən hərbi bazanın döyüş heyəti İrəvan və Gümrü qarnizonundan ibarətdir. İrəvan qarnizonuna İdarəetmə Qrupu, 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, hospital, mənzil-təchizat hissəsi, qarnizon məhkəməsi və rabitə mərkəzi daxildir. Gümrü qarnizonuna isə 128-ci motoatıcı alay, 124-cü motoatıcı alay, 988-ci zenit raket alayı (S-300 ZRK) və 992-ci artilleriya alayı tabedir.

Bazanın nəzdində əlahiddə tank, kəşfiyyat, təmir, mühəndis-istehkam, radiasiya-kimyəvi və bakteroloji mühafizə taborları, tank əleyhinə divizion, radioelektron, tibb, komendant bölükləri, prokurorluq, televiziya mərkəzi və s. fəaliyyət göstərir. Eyni zamanda 2005-2007-ci illərdə Gürcüstandakı Axalkələk və Batumi hərbi bazalarından çıxarılan silah, texnika, sursat və hərbi avadanlıqların böyük hissəsi bu bazada saxlanılır. Hərbi bazanın 3 təlim mərkəzi (poliqonu) var ki, bunlardan birincisi İrəvanın 25-30 km-də yerləşən “Nubaraşen”, ikincisi Gümrünün 15-17 km məsafədə yerləşən “Kamxud”, üçüncüsü isə “Alagöz” poliqonudur. “Nubaraşen”də əsasən müxtəlif atıcı silahlardan, o cümlədən tanklardan, BMP, ZSU-23-4 Şilka və minaatanlardan, “Kamxud”da digər silahlardan (nadir hallarda BMP, tank və minaatanlardan), “Alagöz”də isə artilleriya, reaktiv yaylım atəş sistemləri və tanklardan atış təlimləri keçilir. Rusiyanın 102-ci hərbi bazası Ermənistanın təhlükəsizliyinə cavabdehdir.

Emil SALAMOĞLU