22 Noyabr 2024

Onu ölkələr üçün əhəmiyyətli edən nədir? – SWIFT

Son günlər məlum hadisələr fonunda Rusiyaya qarşı görüləcək tədbirlərdən biri olaraq bu ölkənin banklarının SWIFT sistemindən çıxarılması gözlənilir.

Bəs SWIFT nədir və bir ölkə üçün bu sistemdən çıxarılma nə ilə nəticələnə bilər?

SWIFT (“Society for Worldwide Interbank Financial Telecommunication”) – məlumat  mübadiləsini aparan və ödənişləri həyata keçirən eyni adlı banklararası sistemə nəzarət edən beynəlxalq təşkilatdır. Dünyada bir neçə beynəlxalq banklararası sistem olsa da  SWIFT onların arasında ən geniş yayılanıdır. Buna səbəb sözügedən sistemin ödənişləri sürətli, etibarlı və nisbətdən aşağı komissiya haqqı ilə köçürməyə imkan verməsidir. SWIFT yalnız banklararası səviyyədə istifadə olunur. SWIFT 1973-cü ildən mövcuddur və hazırda ondan 11 mindən çox təşkilat istifadə edir. Hər gün SWIFT şəbəkəsi vasitəsilə ümumi dəyəri 5-6 trilyon dollar olaraq qiymətləndirilən milyonlarla ödəniş əməliyyatı həyata keçirilir.

İqtisadçı Elman Sadıqov deyir ki, SWIFT-dən çıxarılma hər hansı bankın və ölkənin dünyanın maliyyə sistemindən kənarlaşdırılması deməkdir. Onun sözlərinə görə, SWIFT-dən çıxarılma nəticəsində  bank pulköçürmə əməliyyatları apara,  müxbir hesablarındakı vəsaitlərindən istifadə edə və beynəlxalq zəmanət verə bilmir. Beləliklə də ölkənin nəinki maliyyə sistemi, ümumilikdə,  iqtisadiyyatı iflic olur.  

Qeyd edək ki,  hələ 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsindən sonra Qərb ölkələri  Rusiyanı SWIFT-dən ayırmaqla təhdid etməyə başlamışdılar. Lakin SWIFT-in  nümayəndələri Rusiyanı sistemdən ayırmaq niyyətində olmadıqlarını bəyan etdilər. Rusiyanın SWIFT-dən ayrılması ilə bağlı təhdidlər Avropa Parlamentinin bunu tələb edən qərar qəbul etməsi fonunda ötən il yenidən başlamışdı.

Lakin Rusiyanın bu sistemdən çıxarılması onun xarici ticarət tərəfdaşlarını da zərbə altına qoya bilər. Rusiyanın xüsusilə də Avropanın ən böyük təbii qaz təchizatçısı olmasını nəzərə alanda, ən çox zərər görənlərin sırasında qitə ölkələrinin də olacağı şübhəsizdir.     

Məsələnin digər maraqlı tərəfi isə Rusiyanın SWIFT-dən çıxarılma təhdidlərinə qarşı ehtiyat tədbiri görməsidir. Belə ki, Rusiya SWIFT-ə alternativ olaraq onun formatında məlumat ötürə bilən sistem yaradıb. SWIFT-dən texnoloji baxımdan geridə qalan MIR kimi tanınan Milli Ödəniş Sistemi  2017-ci ildə tam fəaliyyət göstərməyə başlayıb. İndiyədək bu sistemə 400-dən çox bank qoşulub.

SWIFT-in analoqları sırasında Çinin yaratdığı CIPS (yalnız yuanla əməliyyatlar üçün nəzərdə tutulub) və Avropa Birliyinin INSTEX (Hələki yalnız Avropa ölkələrinin İranla maliyyə əməliyyatları üçün istifadə olunur) sistemləri də var.

İndiyədək SWIFT-dən çıxarılmış yeganə ölkə İran olub. Belə ki, 2012-ci ildə ABŞ İranın nüvə proqramına xidmət etməkdə şübhəli bilinən bütün bankları sanksiya ilə hədələdiyindən bu ölkə SWIFT-i Kuba, Ekvador, Boliviya, Venesuela və Nikaraqua kimi ölkələrin yer aldığı SUCRE-yə dəyişməli olub. 2016-cı ildə  nüvə proqramının həlli ilə bağlı razılığa gəldikdən sonra İran yenidən SWIFT-ə qoşulub. Lakin bu qoşulmanın ömrü uzun çəkməyib və artıq 2018-ci ilin payızında İran yenidən SWIFT-dən çıxarılıb. Hazırda İrana pul  Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İraq, Tayvan və xaricdə fəaliyyət göstərən İran bankları vasitəsilə köçürülə bilər.